REGİONLAR
Günəş və su elektrik stansiyaları muxtar respublikanın enerji təminatında mühüm yer tutur
Naxçıvan, 19 avqust, AZƏRTAC
Günəş və su elektrik stansiyaları muxtar respublikanın enerji təminatında mühüm yer tutur. Belə ki, ötən ay elektrik şəbəkələrinə ötürülən enerjinin 56,9 faizi su elektrik stansiyalarında, 7,2 faizi isə Günəş Elektrik Stansiyasında istehsal olunub.
Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agentliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, iyul ayında elektrik stansiyalarında, yüksək və alçaq gərginlikli elektrik verilişi xətlərində, müxtəlif gərginlikli transformator yarımstansiyalarında qrafik əsasında əsaslı və cari təmir işləri aparılıb, Naxçıvan şəhərində və rayon mərkəzlərində mövcud hava elektrik verilişi xətlərinin kabel xətləri ilə əvəz edilməsi sahəsində kompleks tədbirlər görülüb. Belə ki, həmin dövrdə muxtar respublikanın şəhər və kəndlərində 3 yeni transformator yarımstansiyası quraşdırılıb, 5 kilometr uzunluğunda elektrik verilişi xətti çəkilib, 1 kilometr uzunluğunda hava elektrik verilişi xətti kabel xətti ilə əvəz edilib. Naxçıvan, Şərur və Culfa transformator təmiri sexlərində 12 transformator təmir edilərək şəbəkələrə qaytarılıb.
Naxçıvan şəhərində smartkarttipli sayğacların qoyulması işləri də davam etdirilib, 690 ədəd belə sayğac quraşdırılıb, yaşayış məntəqələrində elektrik enerjisindən sayğacdankənar istifadə edilməsinin qarşısının alınması üçün reydlər keçirilib.