CƏMİYYƏT
Günəşə can atan tillandsiya
Bakı, 25 iyul, AZƏRTAC
Tünd yaşıl rəngli, o qədər də gözəgəlimli olmayan və şümal kaktusa bənzəyən dibçək bitkisi bir neçə ildən sonra çəhrayı rəngli zoğun üstündə heyrətamiz gözəllikdə bənövşəyi çiçəkləri olan bitkiyə çevrilir. Həmin dibçək bitkisi göy tillandsiyadır.
AZƏRTAC xəbər verir ki, bitkinin yarpaqları nazik, düz formalı, tünd yaşıl rəngdədir və üzəri kiçik pulcuqlarla örtülü olur. Çiçəyin zoğu qəribə formalı, qısa, enli və yastı sünbüldür. Rəngi açıq yaşıldan çəhrayı və qırmızıya qədər dəyişir. İyirmi çiçəkdən təşkil olunmasına baxmayaraq, yalnız biri, nadir hallarda ikisi çiçək açır.
Təbiətdə tillandsiyaların 400-ə yaxın növünə rast gəlinir. Bu bitki İsveç botaniki E.Tillandsın şərəfinə belə adlandırılıb. Bitkinin vətəni Ekvador və Perudur. Əsasən dəniz səviyyəsindən 850 metr yüksəklikdə yerləşən meşələrdə bitir. Maraqlıdır ki, tillandsiya yabanı halda ağacların üstündə inkişaf edir və günəşə yaxın olmaq üçün ağaclardan dayaq kimi istifadə edir. Həmin xüsusiyyətinə görə tillandsiya epifit bitki adlanır.
Tillandsiya işıqsevən bitkidir, payızda və qışda ev şəraitində şərqə və ya qərbə baxan pəncərələrin qarşısı bitki üçün ən ideal yer sayılır. Rütubətli meşələrdə bitdiyi üçün ev şəraitində onu nəmliyi 60 faiz olan otaqlarda saxlamaq məsləhətdir. Yarpaqlarına tez-tez ilıq və yumşaq su püskürtmək lazımdır. Bitki çiçəkləyəndən sonra cavan zoğlar əmələ gətirir, özü isə məhv olur. Həmin mərhələdə tillandsiya pəncərənin qarşısına qoyulmalı və çiçəkləri tökülənə qədər yeri dəyişdirilməməlidir.