MƏDƏNİYYƏT
Günəşə dua oxuyan şairə
Bakı, 28 yanvar, Z.Mansurova, AZƏRTAC
Yanvarın 28-də tanınmış şairə Nurəngiz Günün anım mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasimdə sənətkarın yaradıcılığı ilə bağlı xoş sözlər söylənilib.
Bildirilib ki, Nurəngiz Gün 1938-ci ildə Bakıda ziyalı ailəsində dünyaya göz açıb. Azərbaycan Dövlət Teatr İnstitutunu bitirdikdən sonra Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində diktor vəzifəsində çalışıb. Azərbaycan Dövlət İncəsənət Universitetində səhnə danışığı və nitq mədəniyyəti kafedrasında müəllim işləyib.
Ədəbiyyata “Tanrı” povesti ilə gələn şairə “Tanrı bəşər övladıdır”, “Ağ qanadlar”, “Günəşə dua”, “Yol gedirəm”, “Xocalı simfoniyası” və başqa kitabların müəllifidir.
Nurəngiz Günün şeirləri bir çox xarici ölkələrdə – Türkiyə, Estoniya, Özbəkistan, İran, İraq və digər ölkələrdə çap olunub. Şairə müxtəlif vaxtlarda xarici ölkələrin ədəbi mükafatlarına layiq görülüb.
Vurğulanıb ki, 2014-cü il dekabrın 20-də Bakıda vəfat edən sənətkarın ədəbi irsi hər zaman ədəbiyyatsevərlər tərəfindən yüksək qiymətləndiriləcəkdir.