CƏMİYYƏT
“Günəşli” və “Neft Daşları”ndakı qəza zamanı həlak olmuş neftçilərin xatirəsinə abidə qoyulacaq
Bakı, 25 noyabr, AZƏRTAC
Ötən il dekabrın 4-də “Günəşli” yatağındakı 10 və “Neft Daşları”ndakı 501 nömrəli dəniz özüllərində təbii fəlakət nəticəsində baş vermiş qəza zamanı həlak olmuş neftçilərin xatirəsinə abidə qoyulacaq. Abidənin açılışı bu il fəlakətin ildönümündə planlaşdırılır.
AZƏRTAC xəbər verir ki, bu barədə SOCAR-ın “facebook” səhifəsində məlumat verilir.
“Fədakar neftçilərin xatirəsinə ucaldılan bu abidə bir tarixi ənənənin davamıdır. 1957-ci ildə şiddətli qasırğa Neft Daşlarında 21 neftçinin həyatına son qoyub. Müstəqillik əldə ediləndən sonra 1999-cu ildə fədakar neftçilərin xatirəsinə Neft Daşlarında abidə ucaldılıb. Onların əziz xatirəsi bu günə qədər hər il yeni nəsil neftçilər tərəfindən anılır. Neft Daşları hadisəsindən sonra Xəzər dənizinin Azərbaycana aid olan hissəsində ən böyük təbii fəlakət 2015-ci il dekabrın 4-dən 5-nə keçən gecədə baş verib. Dənizin şiddətinə qarşı qeyri-bərabər döyüşdə həlak olmuş həmkarlarımızın qəhrəmanlıq salnaməsini əbədiləşdirmək üçün qoyulacaq abidənin açılışı bu il fəlakətin ildönümündə planlaşdırılır”, – deyə məlumatda bildirilir.