İQTİSADİYYAT


“Günəşli” yatağı üçün yeni özül quraşdırılacaq

A+ A

Bakı, 29 noyabr, AZƏRTAC 

“Günəşli” yatağı üçün yeni 7A nömrəli dərin dəniz özülünün inşası nəzərdə tutulur.

SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, şirkətin “Neftqazelmitədqiqatlayihə” İnstitutunun layihəsi əsasında inşa olunacaq özülün baş podratçısı “Neftqaztikinti” Trestidir. On ədəd qaz-kondensat quyusunun qazılması üçün nəzərdə tutulan özül dənizin 146 metr dərinliyində yerləşdiriləcək və yataqdakı mövcud 7 nömrəli dərin dəniz özülünə 2 körpü vasitəsilə birləşdiriləcək.

İstehsalat və yaşayış sahələrindən ibarət özül ən müasir qazma avadanlığı, qaldırıcı kranlar, avtomatlaşdırılmış yanğınsöndürmə sistemi, neft-qaz kəmərlərində məsafədən idarə olunan kəsici siyirtmələr, yüksəktəzyiqli qaz seperasiya və ölçü sistemləri, bioloji sutəmizləmə qurğusu, yanalma meydançaları, eləcə də digər zəruri avadanlıqlarla təchiz ediləcək. Seperasiya sistemindən ayrılacaq qaz və kondensat ölçülərək 7 nömrəli özülün müvafiq texnoloji xətlərinə ötürüləcək.

Bundan başqa, neft-qaz, içməli su və kabel xətləri də 7 nömrəli özüllə əlaqələndiriləcək. Ümumi sahəsi 5 min 980 kvadratmetr olacaq özülün dayaq blokunun hündürlüyü 151 metr, çəkisi isə 9 min 350 ton olacaq. 10 ədəd əsas və 10 ədəd köməkçi svayların vurulma dərinliyi 120 metr təşkil edəcək. Artıq özülün inşası istiqamətində işlərə start verilib, “Neftqaztikinti” Tresti tərəfindən dayaq bloklarının əsas və köməkçi svaylarının “BOS Şelf” MMC-nin ərazisində hazırlanmasına başlanılıb. Ətraf mühitin və əməyin mühafizəsi bütün müasir norma və tələblərə uyğun şəkildə təmin edilir.

Özüldə qazılacaq quyuların hər birindən sutkada 350 min kubmetr qaz və 10 ton kondensat hasil ediləcəyi nəzərdə tutulur. İstismar işləri “Azneft” İstehsalat Birliyinin “28 May” neft və qazçıxarma idarəsi (NQÇİ) tərəfindən həyata keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.