CƏMİYYƏT
“Günəşli” yatağındakı 10 saylı özüldəki qaz quyularından birində yanğın söndürülüb VİDEO
Bakı, 15 yanvar, AZƏRTAC
Dekabrın 4-də “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində yaranan yanğının söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyi (FHN) aidiyyəti üzrə fəaliyyətini davam etdirir.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yanan quyuların ətrafında deformasiyaya uğramış metal konstruksiyaların kəsilməsi, zonadan kənarlaşdırılması, eləcə də fontançıların quyular ətrafında sərbəst işləməsi üçün fasiləsiz tədbirlər həyata keçirilib. Həmçinin quyu və quyuətrafı konstruksiyaların soyudulması işləri yanğınsöndürmə desantı tərəfindən platformanın üzərində təşkil olunub. Yanğınsöndürənlərin gərgin səyləri nəticəsində yanvarın 15-də qaz quyularından birində yanğını söndürmək mümkün olub.
Özüldə yanan digər quyuların da söndürülməsi istiqamətində işlər fasiləsiz davam etdirilir.