CƏMİYYƏT
“Günəşli” yatağının 19-cu özülündə 71 nömrəli quyuda alçaq təzyiqli qaz təzahürü baş verib
Bakı, 26 sentyabr, AZƏRTAC
Sentyabrın 26-da “Azneft” İB-nin “28 May” adına Neft Qaz Çıxarma İdarəsinin (NQÇİ) “Günəşli” yatağının 19-cu özülündə 71 saylı quyuda təmir işləri aparılarkən qaz təzahürü meydana çıxıb və yanğın baş verib.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, NQÇİ-nin şəxsi heyəti tərəfindən təlimata uyğun texniki təhlükəsizlik tədbirləri görülüb. Hadisə zamanı özüldə növbədə olan 49 nəfərlik heyətin təhlükəsizliyi tam təmin edilib, xəsarət alan olmayıb. Hazırda özüldəki işçilərin təxliyəsi üçün heç bir əsas yoxdur.
Fontana qarşı Hərbiləşdirilmiş İdarənin əməkdaşları tərəfindən alçaq təzyiqli qaz təzahürünün aradan qaldırılması üçün tədbirlər görülür. Hadisə ilə bağlı araşdırma aparılır, nəticəsi barədə əlavə məlumat veriləcək.