SİYASƏT
Gürcü politoloq: Sivilizasiyalar Alyansının Bakı Forumu regionda sülhün bərqərar olmasında mühüm rol oynayacaq
Tbilisi, 28 aprel, AZƏRTAC
Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu Gürcüstan ictimaiyyətinin də diqqət mərkəzindədir. Politoloqlar bu tədbirin Bakıda keçirilməsinin Azərbaycan, bütövlükdə Cənubi Qafqaz regionu üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirirlər.
Gürcüstanın Terrorizm və Siyasi Araşdırmalar Mərkəzinin direktoru, Tbilisi Dövlət Universitetinin müəllimi, politoloq Badri Natçkebiya AZƏRTAC-a müsahibəsində deyib: “Belə bir tədbirin Bakıda keçirilməsi Azərbaycanın, xüsusən də Prezident İlham Əliyevin necə böyük nüfuz sahibi olduğunu sübut etdi. Beynəlxalq təşkilatlar da bunu görür və öz iştirakları ilə təsdiqləyirlər”.
Politoloq bildirib ki, Azərbaycan Xəzər dənizi və Qara dəniz hövzələrində əsas oyunçu, Qərblə Şərq arasında körpüdür. Eyni zamanda, bu cür tədbirlər region üçün də mühüm əhəmiyyət kəsb edir. Bu gün Cənubi Qafqaz regionunda ciddi münaqişələr mövcuddur. BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu və digər qlobal tədbirlər regionda sülhün bərqərar olmasında mühüm rol oynayacaq. BMT Təhlükəsizlik Şurası, Avropa Şurası və digər nüfuzlu təşkilatlar Dağlıq Qarabağ münaqişəsi və Gürcüstanın işğal olunmuş əraziləri ilə əlaqədar mühüm qərar və qətnamələr qəbul ediblər. Bu cür tədbirlərdə həmin qərarların icrası məsələsi da diqqət mərkəzində olur. Bu da öz növbəsində problemlərin dialoq və sülh yolu ilə həllinə imkan yaradır.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi