SİYASƏT
Gürcüstan Azərbaycanlıları Konqresi fəaliyyətini bərpa edib
Marneuli, 16 aprel, AZƏRTAC
Gürcüstan Azərbaycanlıları Konqresi (GAK) fəaliyyətini bərpa edib. Təşkilat Gürcüstanda yaşayan azərbaycanlıların problemlərinin həllini, soydaşlarımızın gürcü cəmiyyətinə inteqrasiyasını, Gürcüstan və Azərbaycan dövlətləri arasındakı əlaqələrin inkişafına, işğal olunmuş ərazilərin sülh yolu ilə həllinə kömək göstərməyi, eyni zamanda, lobbiçilik fəaliyyətini gücləndirməyi qarşısına məqsəd qoyub.
AZƏRTAC xəbər verir ki, bu barədə GAK-ın sədri Hüseyn Yusubov aprelin 16-da keçirilən tədbirdə məlumat verib.
Bildirilib ki, GAK 2008-ci ildə yaradılsa da, sonradan bəzi səbəblərdən fəaliyyətini dayandırmışdı. Bu ildən isə fəaliyyətini bərpa edən konqres qarşıya qoyulan məqsədlərə nail olmaq üçün bütün gücünü səfərbər edəcək. Bunun üçün Azərbaycan-Gürcüstan dostluğuna, milli maraqlara xidmət edən qeyri-hökumət təşkilatları ilə sıx əməkdaşlıq yaradılacaq. Hazırda GAK-ın ətrafında 30-dan çox QHT birləşib.
Sonra Rustavi şəhəri Azərbaycanlıları Mədəniyyət Mərkəzinin rəhbəri Xaləddin Yolçuyev, Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşı İlyas Məmmədli, GAK-ın Qardabani, Marneuli, Bolnisi, Dmanisi və digər rayonların təmsilçiləri çıxış edərək, təşkilatın fəaliyyət istiqamətlərindən danışıblar.
Çıxışlarda Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində yaranmış vəziyyətə də toxunulub, ermənilərin tez-tez atəşkəsi pozmasından narahatlıq ifadə olunub. Bildirilib ki, Gürcüstanda yaşayan azərbaycanlıları bu ölkənin vətəndaşları olsalar da, ürəkləri daim Azərbaycan ilə döyünür. Onlar Ali Baş Komandan, Prezident İlham Əliyevin çıxışlarını diqqətlə izləyir və onun mövqeyini tam dəstəkləyirlər. Soydaşlarımız Gürcüstanın və Azərbaycanın ərazi bütövlüyünün bərpası naminə əllərindən gələni etməyə hazır olduqlarını bildiriblər.
Tədbirdə 20-yə yaxın QHT nümayəndəsi, GAK fəalı, Azərbaycan səfirliyinin əməkdaşları iştirak edib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Marneuli