MƏDƏNİYYƏT
Gürcüstan Parlamentinin kitabxanasında azərbaycanlı tələbənin rəsm əsərlərinin sərgisi açılıb
Tbilisi, 18 dekabr, AZƏRTAC
Dekabrın 18-də Gürcüstan Parlamentinin Kitabxanasında gənc rəssam, Gürcüstan Rəssamlıq Akademiyasının 4-cü kurs tələbəsi Əli Əliyevin “Rənglərin simfoniyası” adlı rəsm sərgisi açılıb.
Sərginin açılışında Gürcüstanın hökumət üzvləri, Gürcüstan Rəssamları Milli Yaradıcılıq Birliyinin rəhbərliyi, akademiyanın müəllim, professor heyəti, tələbələr, Azərbaycan diasporunun, ictimaiyyət və KİV-lərin nümayəndələri iştirak ediblər.
Gürcüstan Rəssamları Milli Yaradıcılıq Birliyinin sədri Quram Çerçvadze, M.F.Axundzadə adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Leyla Əliyeva, gənc rəssam Ə.Əliyevin müəllimi Covani Verxvadze, Kvemo-Kartli–Borçalı bölgəsinin qubernatoru Paata Khinazaşvili və başqaları çıxış edərək gənc rəssamın yaradıcılığından söz açıb, sərginin təşkilini yüksək qiymətləndiriblər.
Qeyd olunub ki, bu cür tədbirlərin təşkili gənc rəssamların əl işlərinin təbliği, gənclərin yaradıcılıq qabiliyyətlərinin üzə çıxarılması, xalqlarımız arasında mədəni əlaqələrin inkişafı baxımından çox önəmlidir. Çıxışlarda belə sərgilərin təşkilinin davamlı olmasının vacibliyi vurğulanıb.
Dekabrın 25-dək davam edəcək sərgidə gənc rəssamın müxtəlif janrlarda çəkdiyi əsərlər nümayiş olunur.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi