MƏDƏNİYYƏT


Gürcüstan Prezidenti və Baş naziri Marneulidə Novruz şənliklərində iştirak ediblər

Marneuli, 21 mart, AZƏRTAC

Gürcüstanda soydaşlarımızın yığcam yaşadıqları Marneuli şəhərində Novruz genişmiqyaslı bayram şənliyi ilə qeyd olunub.

Gürcüstanın müxtəlif bölgələrindən gəlmiş azərbaycanlılar üçün yaradılmış guşələrdə xalqımızın qədim tarixini, milli adət-ənənələrini əks etdirən atributlar nümayiş olunub.

Azərbaycanlıları bayram münasibətilə təbrik etmək üçün Marneuliyə gələn Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili və Baş nazir Giorgi Kvirikaşvili şənliklərdə iştirak ediblər. Bayram tonqalını alovlandıran dövlət və hökumət başçıları Novruz adət-ənənələri ilə tanış olublar.

Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov Prezidentə Novruz bayramının özəllikləri barədə məlumat verib. Gürcüstanın dövlət və hökumət başçıları samovar çayı içib, yumurta döyüşdürüb, şəkərbura və paxlavanın dadına baxıblar. Prezident və Baş nazir idmançıların çıxışlarını da izləyiblər.

Giorgi Marqvelaşvili, həmçinin Marneulidə yeni tikilmiş şəhər kitabxanasının açılışında iştirak edib.

Dövlət başçısı bu gözəl Bahar bayramı günündə Azərbaycan xalqına böyük uğurlar, firavanlıq və bolluq arzulayıb: “Mən Azərbaycan xalqını salamlayıram və təbrik edirəm. Bu çox böyük bayramdır. İnanıram ki, Azərbaycan və gürcü xalqları arasında mövcud olan dostluq və qardaşlıq münasibətləri bundan sonra da inkişaf edəcək və daha da möhkəmlənəcək”.

Prezident Gürcüstanın, o cümlədən Marneulinin infrastrukturunun inkişafı, burada yaşayan azərbaycanlıların həyat səviyyəsinin yüksəldilməsi istiqamətində aparılan işlərin bundan sonra da davam etdiriləcəyini bildirib.

Baş nazir Gürcüstanda yaşayan azərbaycanlıların Novruz bayramını Azərbaycan dilində təbrik edib. Kvemo Kartli-Borçalı bölgəsinin qubernatoru Paata Xzinaşvili, həmçinin digər hökumət nümayəndələri də azərbaycanlıları bayram münasibətilə təbrik ediblər.

Sonda incəsənət ustalarının iştirakı ilə maraqlı konsert proqramı təqdim edilib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Marneuli

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.