İQTİSADİYYAT
Gürcüstan-Türkiyə sərhədindəki Kartsaxi stansiyasında sınaq qatarı xəttə buraxılıb
Tbilisi, 28 yanvar, AZƏRTAC
Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov və Gürcüstan Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Giorgi Kvirikaşvili yanvarın 28-də Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun tikintisi işlərinin gedişi ilə tanış olublar.
Gürcüstan-Türkiyə sərhədindəki Kartsaxi stansiyasında sınaq qatarı xəttə buraxılıb, nazirlər görülən işlərlə maraqlanıblar.
Giorgi Kvirikaşvili bildirib ki, dəmir yolunun Gürcüstan hissəsinin 180 kilometrinin tikintisi başa çatdırılıb. Bu ilin sonuna qədər bütün işlər yekunlaşdırılacaq.
Baş nazirin müavini deyib: “Mən azərbaycanlı həmkarımla Türkiyə sərhədindəyəm. İnanırıq ki bu layihə Azərbaycan, Gürcüstan və Türkiyənin dostluq münasibətlərini daha da inkişaf etdirəcək”.
İqlim dəyişikliklərinə və əlverişsiz hava şəraitinə baxmayaraq bütün işləri keyfiyyətlə yerinə yetirdiklərinə görə Giorgi Kvirikaşvili layihə iştirakçılarına təşəkkürünü bildirib. “Bu layihə həm iqtisadi, həm də əhali arasında münasibətlərin möhkəmləndirilməsi baxımından çox vacibdir”, deyə o vurğulayıb.
Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov Türkiyə ilə sərhəddə qatarın sınağını həyata keçirdiklərindən məmnun olduğunu bildirib: "Bu ilin axırına kimi yollar hazır olacaq və artıq qatarın ilk sərnişinləri də var. Bizim əməkdaşlarımız layihəni təhvil vermək üçün qış aylarında da yerli tərəfdaşlarımızla birgə çalışacaqlar".
Qeyd edək ki, BTQ dəmir yolunun təməli 2007-ci il noyabrın 7-də Gürcüstanın Marabda kəndində qoyulub və Gürcüstan ərazisində dəmir yolunun tikintisi başa çatdırılıb. BTQ layihəsinin Gürcüstan ərazisindəki dəmir yolunun ümumi uzunluğu 245 kilometrdən çoxdur. Bu xəttin 183 kilometri əsas yol hesab olunur.
Hazırda yolun Türkiyə hissəsində tikinti işləri davam edir. Yolun Türkiyə ərazisindəki uzunluğu 74 kilometrdir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi