CƏMİYYƏT
Gürcüstan ali məktəblərinin tələbələri Tbilisinin mərkəzində etiraz aksiyası keçiriblər
Tbilisi, 29 yanvar, AZƏRTAC
Gürcüstanın ali məktəblərində təhsil alan azərbaycanlı və gürcü tələbələr, ictimaiyyətin, dini icmaların nümayəndələri yanvarın 29-da parlamentin Tbilisidəki binasının qarşısında aksiya keçiriblər.
Fransada Məhəmməd Peyğəmbərin karikaturasının yayılmasına və İslam dininin təhqir olunmasına etiraz edən aksiya iştirakçıları “Bütün dinlərə hörmət olunmalıdır”, “İslam barışıq və sülh dinidir”, “Bütün insanlar qardaşdırlar”, “Heç bir terrorçunun milləti və ya dini mənsubiyyəti yoxdur”, “İslam dinini təhqir edənlər xristian dininin də düşmənləridirlər” və s. şüarlar səsləndiriblər.
Aksiyada iştirak edən gürcü tələbə Quram Adomeşi AZƏRTAC-a müsahibəsində deyib: “Biz dünyanın sülhsevər insanları kimi müsəlman qardaşlarımızı müdafiə edirik. İslam dininə və Məhəmməd Peyğəmbərə qarşı radikal çıxışları qətiyyətlə pisləyirik. Bu cür hallar yolverilməzdir. Dini mənsubiyyətə görə insanların təhqir və təqib olunması bizim hamımız üçün pisdir. Hesab edirik ki, İslam dinini təhqir edənlər elə xristian dinini də təhqir edirlər. Ona görə də biz müsəlman qardaşlarımızı müdafiə edirik və digərlərini də qarşılıqlı hörmətə səsləyirik”.
Yüzdən çox tələbənin iştirak etdiyi aksiya insidentsiz başa çatıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi