Gürcüstan dövləti Dağlıq Qarabağın müstəqilliyini tanımır və münaqişənin sülh yolu ilə həllinə tərəfdardır
Tbilisi, 27 noyabr, AZƏRTAC
“Tbilisidə Qarabağdan olan rəssamların sərgisi şəxsi təşəbbüs qaydasında açılıb və bu sərginin təşkilində dövlət strukturları iştirak etməyib”.
AZƏRTAC “Novosti-Qruzii” portalına istinadla xəbər verir ki, bu məlumatı Gürcüstanın Xarici İşlər Nazirliyi yayıb.
Məlumatda bildirilir ki, Azərbaycanın Gürcüstandakı səfirliyi Gürcüstanın müvafiq dövlət strukturlarına müraciət edərək Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsindən olan 7 rəssamın əl işlərindən ibarət “Dirçəliş” adlı sərginin açılışından narahatçılıq ifadə etmişdir.
Sərgi Gürcüstandakı erməni apostol kilsəsinin nəzdindəki “Ayartun” mərkəzində Ermənistanın diaspor nazirliyinin və “tekeyan mərkəzinin” dəstəyi və “Şuşa şəhəri Muzeyi”nin təşkilatçılığı ilə açılıb.
Gürcüstan XİN-in məlumatında daha sonra deyilir: “Gürcüstan Dağlıq Qarabağın müstəqilliyini tanımır və münaqişənin sülh yolu ilə həllinə tərəfdardır. Bizim məlumatımıza görə, sərgidə Azərbaycanın ərazi bütövlüyünə xələl gətirəcək heç bir əlamət və işarə olmayıb. Konkret olaraq sərginin təşkilinə gəldikdə isə, bu sərgi şəxsi təşəbbüs əsasında açılıb və bu təşəbbüsə heç bir dövlət strukturu qoşulmayıb”, - deyə XİN-in məlumatında vurğulanır.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi