Gürcüstan dövləti milli azlıqların problemlərini diqqət mərkəzində saxlayır
Tbilisi, 25 dekabr, AZƏRTAC
Gürcüstan dövləti milli azlıqların problemlərini diqqət mərkəzində saxlayır. Gürcüstanda yaşayan milli azlıqlar bu ölkənin bərabərhüquqlu vətəndaşlarıdır və dövlət onların problemlərinə biganə qalmayacaq.
AZƏRTAC xəbər verir ki, bu fikirlər dekabrın 25-də Rustavi şəhərində milli azlıqların problemlərinə həsr olunmuş konfransda səslənib.
Gürcüstanın Barış və Vətəndaş Məsələləri üzrə Dövlət Nazirliyinin təşkilatçılığı ilə keçirilmiş konfransda nazirliyin təşəbbüsü ilə qəbul edilmiş “2015-2020-ci illər üçün Vətəndaş Bərabərliyi və İnteqrasiya Strategiyası” planı müzakirə olunub.
Gürcüstanın elm və təhsil nazirinin müavini Lia Qiqauri, barış və vətəndaş məsələləri üzrə dövlət nazirinin müavini Laşa Darsalia, nazirin Kvemo Kartli bölgəsi üzrə müşaviri Ayaz Məmmədov, Kvemo Kartli bölgəsinin qubernatoru Giorgi Nemsadze, müavini Zaur Darğallı, Ombudsman aparatının əməkdaşları, Zurab Jvaniya adına Dövlət İdarəçilik Məktəbinin rəhbərliyi, Bolnisi, Dmanisi, Qardabani, Marneuli, Zalqa, Tetrisqalo rayonlarının və Rustavi şəhərinin merləri, bələdiyyə sədrləri, rayonların təhsil resursları mərkəzlərinin rəhbərləri, ictimai fəallar iştirak ediblər.
Bildirilib ki, plana uyğun olaraq Kvemo Kartli bölgəsində milli azlıqların yaşadıqları bütün rayonlarda konfranslar keçirilib, etnik azlıqların problemləri müzakirə olunub, müvafiq tövsiyələr qəbul edilib.
Təhsil nazirinin müavini Lia Qiqauri deyib ki, milli azlıqların, eləcə də bu bölgədə çoxluq təşkil edən azərbaycanlıların təhsil problemlərinin həlli ilə bağlı müəyyən layihələr hazırlanıb həyata keçirilir.
Laşa Darsalia deyib ki, etnik azlıqların dövlət strukturlarında işlə təmin olunması ilə bağlı hazırlanan layihələr mərhələlərlə həyata keçirilir.
Giorgi Nemsadze bölgədə milli azlıqların hüquqlarının müdafiəsi istiqamətində görülən işlər, qəbul olunmuş qərarlar və strateji planın məqsədi barədə məlumat verib.
Bildirilib ki, məqsəd Gürcüstanda yaşayan etnik azlıqların bütün hüquqlarını müdafiə etmək, onların siyasi və ictimai həyatda demokratik proseslərin və ölkə iqtisadiyyatının inkişafına verdikləri töhfələri qiymətləndirmək, cəmiyyətə inteqrasiyasını dəstəkləməkdir.
Kvemo Kartli bölgəsinin təşəbbüsü ilə etnik azlıqların problemlərini həll etmək üçün yaradılan Məsləhət Şurası bölgədə həyata keçirilən proqramlara, sosial və iqtisadi məsələlərdə milli azlıqların fəaliyyətinin təkmilləşməsinə nəzarət edəcək.
Çıxışlarda Məsləhət Şurasının bölgə əhalisi ilə təşkil olunan tədbirlərinin əhəmiyyəti vurğulanıb. Bildirilib ki, bu strategiya nəticəsində həyata keçirilən inteqrasiya, öz növbəsində, mədəniyyətlərarası və millətlərarası sülhü və sabitliyi təmin edəcək.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi