DÜNYA


Gürcüstan əhalisinin 64,8 faizinin banklara kredit borcu var

Tbilisi, 4 iyul, AZƏRTAC

Gürcüstan əhalisinin 64,8 faizinin banklara kredit borcu var. Əhalinin banklardan kredit alma tendensiyası isə hər gün artır.

AZƏRTAC xəbər verir ki, bunu mətbuata açıqlamasında “Kredit-info” təşkilatının direktoru Sandro Qomiaşvili deyib.

Onun sözlərinə görə, 2016-cı ildə banklara kreditlə əlaqədar 12 milyon 500 min müraciət olunub. 2017-ci il aprelin 1-nə isə müraciətlərin sayı 20 milyona çatıb. Müraciətlərin 2,4 milyonu fiziki, 67 mini isə hüquq şəxslərin payına düşür.

Direktor bildirib ki, 3,7 milyon nəfər əhalisi olan ölkə üçün bu, çox böyük göstəricidir: “Gürcüstan əhalisinin sayı 3,7 milyon nəfərdir. Rəqəmlərə əsasən, əhalinin 64,8 faizinin krediti var. Milli Statistika Xidmətinin məlumatına görə, 2,4 milyon nəfər 20-70 yaş qrupu arasında olanlardır. Bunu nəzərə alsaq deyə bilərik ki, fəal əhalinin 99 faizi maliyyə təşkilatlarının xidmətlərindən istifadə edir”.

“Kredit-info”nun direktorunun sözlərinə görə, buna baxmayaraq, əhalinin kredit ödəmələrində ciddi problemlər yaşanmır.

 

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.