CƏMİYYƏT
Gürcüstan hökuməti milli azlıqlar üçün yeni layihə hazırlayıb
Tbilisi, 11 iyul, AZƏRTAC
Gürcüstanın Barış və Vətəndaş Bərabərliyi üzrə Dövlət Nazirliyi "Milli azlıqların məskunlaşdıqları bölgələrdə iki dil bilən müəllimlərin seçilməsi" layihəsini hazırlayıb.
İyulun 11-də layihənin ictimaiyyətə təqdimatı olub.
Mərasimdə çıxış edən dövlət naziri Ketevan Sixelaşvili deyib ki, layihənin əsas məqsədi milli azlıqların yaşadıqları bölgələrdə təhsilin keyfiyyətini yüksəltmək, milli azlıqların nümayəndəsi olan müəllimlərin işlə təmin olunmasına köməklik göstərmək, gənclərin pedaqoji təhsilə marağını artırmaqdır. O deyib ki, Elm və Təhsil Nazirliyi də layihəni dəstəkləyir.
Sonra elm və təhsil naziri Aleksandr Cecelava çıxış edərək bildirib ki, layihədə bakalavr diplomu olan, gürcü və ana dilini mükəmməl bilən gənclər iştirak edə bilərlər.
Bildirilib ki, müsabiqə iki mərhələdə keçiriləcək. Müsabiqənin hər iki turunu uğurla keçən gənclər ixtisasları üzrə əvvəl köməkçi müəllim kimi işləyə biləcəklər. Onlar işlədikləri müddətdə yüksək əməkhaqqı alacaqlar.
Milli azlıqların nümayəndələri Gürcüstan hökumətinin bu addımını yüksək qiymətləndiriblər.
Azərbaycanlı gənc Adil Seyfiyev AZƏRTAC-a müsahibəsində deyib ki, bu layihə Gürcüstanda gənclərin müəllim peşəsinə həvəsini artıracaq, eyni zamanda, bizim işlə təmin olunmağımıza kömək edəcək. Ona görə də biz bunu yüksək qiymətləndiririk.
Universiteti yenicə bitirmiş, ixtisasca tarix müəlliməsi olan Yeganə Mürşüdova da layihədən razı qaldıqlarını və müsabiqədə iştirak edəcəklərini bildirib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi