İQTİSADİYYAT


Gürcüstana yatırılan investisiyaların həcminə görə Azərbaycan bir neçə ildir ki, birinci yerdədir

Bakı, 14 iyun, AZƏRTAC

Gürcüstana yatırılan investisiyaların həcminə görə Azərbaycan bir neçə ildir ki, birinci yerdədir.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Giorgi Qaxarianın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə deyib.

Nazir Şahin Mustafayev yüksək səviyyəli qarşılıqlı səfərlərin əlaqələrin inkişafında xüsusi rolunu vurğulayıb. Qeyd edilib ki, indiyədək ölkələrimiz arasında 50-yə yaxını iqtisadi sahədə olmaqla 100-dən çox sənəd imzalanıb. Azərbaycanda 280-ə yaxın Gürcüstan, bu ölkədə isə 200-dən çox Azərbaycan şirkəti qeydiyyatdan keçib. Gürcüstan tərəfindən Azərbaycan iqtisadiyyatına 72 milyon ABŞ dolları, Azərbaycan tərəfindən isə Gürcüstan iqtisadiyyatına 3,4 milyard dollar investisiya yatırılıb. Gürcüstana yatırılan investisiyaların həcminə görə Azərbaycan bir neçə ildir ki, birinci yerdədir.

Şahin Mustafayev Azərbaycan iqtisadiyyatı, həyata keçirilən islahatlar, qeyri-neft sektorunun şaxələndirilməsi, xüsusilə investisiyaların və ixracın təşviqi sahəsində son illərdə görülən işlər barədə gürcüstanlı qonaqlara məlumat verib.

Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Giorgi Qaxaria ölkəsinin iqtisadiyyatı, biznes və investisiya mühiti barədə danışıb, Azərbaycanın Gürcüstana investisiya qoyuluşunu yüksək qiymətləndirib və ölkəsində Azərbaycan sərmayələrinin dəstəkləndiyini vurğulayıb. Gürcüstanlı nazir iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu qeyd edib və əlaqələrin inkişafı istiqamətləri barədə fikirlərini bildirib.

Görüşdə iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən enerji, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinin gedişi, tranzit daşımalarının artırılması və bu sahədə vahid tariflərin tətbiqi, kənd təsərrüfatı, ticarət, investisiya, İKT və s. sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib.

Tərəflər, həmçinin Azərbaycan və Gürcüstanın tranzit imkanlarının Çində birgə təqdimatının keçirilməsi, üçüncü ölkələrə birgə ixrac, ticarətin genişləndirilməsi, kənd təsərrüfatı, İKT, turizm sahələrində əlaqələrin inkişafı, Azərbaycan peyklərinin imkanlarından istifadə edilməsi, üçtərəfli formatda Azərbaycan-Gürcüstan-İran birgə forumunun Gəncədə təşkili və s. məsələlərlə bağlı fikir mübadiləsi aparıblar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.