CƏMİYYƏT
Gürcüstanda azərbaycanlı tələbə-gənclərlə görüş keçirilib
Tbilisi, 4 fevral, AZƏRTAC
Fevralın 4-də Marneulidə Gürcüstanın müxtəlif universitetlərində təhsil alan tələbələr və gənclərlə görüş olub. Görüşdə Azərbaycan ilə Gürcüstan və xalqlarımız arasında tarixən mövcud olan dostluq əlaqələrindən, gənclərin Gürcüstan cəmiyyətinə inteqrasiyası, tələbələrin təhsil problemləri, eləcə də onların azərbaycançılıq ideyası ətrafında sıx birləşmələri, Xocalı soyqırımı ilə bağlı nəzərdə tutulmuş tədbirlər planı barədə fikir mübadiləsi aparılıb.
Sonra görüş Azərbaycan səfirliyinin əməkdaşları və jurnalistlərin iştirakı ilə “dəyirmi masa” ətrafında davam edib.
Azərbaycanlıların Mədəniyyət Mərkəzinin gənclərlə iş şöbəsinin müdiri Nərgiz Əliyeva, tələbələrdən Tural Ramazanov, Leyla Əmrahova, Ümman Sadıqov və başqaları çıxış edərək Azərbaycan və Gürcüstan arasındakı dostluq əlaqələrindən, qarşılaşdıqları problemlərdən danışıb, hər iki ölkənin ərazilərinin işğal olunduğunu qeyd ediblər. Bildirilib ki, bu günlərdə Azərbaycan xalqı 20 Yanvar faciəsinin ildönümü qeyd edib. Qarşıdan isə Xocalı soyqırımının 25 illiyi və Gürcüstanda törədilən 9 aprel faciəsinin növbəti ildönümü gəlir. Bu qanlı hadisələrə hələ də dünya ictimaiyyəti tərəfindən lazımi hüquqi-siyasi qiymətin verilmədiyi təəssüf hissi ilə qeyd olunub.
Tələbə-gənclər 1992-ci ilin fevral ayında ermənilərin keçmiş sovet ordusunun köməyi ilə Azərbaycan xalqına qarşı törətdiyi misli görünməmiş soyqırımı və digər müsibətlər barədə məlumatların gürcü ictimaiyyətinə çatdırılması ilə bağlı fikirlərini bölüşüb, konkret təkliflər irəli sürüblər. Bildirilib ki, tələbə-gənclər Xocalı faciəsi ilə bağlı məlumatların gürcü ictimaiyyətinə və Tbilisi şəhərinin qonaqlarına çatdırmaq üçün bir sıra tədbirlər keçirmək niyyətindədirlər.
Görüşdə iştirak edən səfirliyin məsul əməkdaşı Elçin Məmmədov tələbə-gənclərin Gürcüstan ictimaiyyətinə inteqrasiyası ilə bağlı fikirlərini bölüşüb, səfirliyin onlara daim dəstək verdiyini qeyd edib.
Diplomat xarici ölkələrdə yaşayan, təhsil alan gənclərin azərbaycançılıq ideyası ətrafında birliyinin, tarixi Vətənimiz Azərbaycanın təbliği, haqq səsinin dünyaya çatdırılması istiqamətində görülən tədbirlərin əhəmiyyətini vurğulayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi