DÜNYA
Gürcüstanda benzinin qiyməti ucuzlaşıb
Tbilisi, 19 dekabr, AZƏRTAC
Gürcüstanın Neft Məhsulları İdxalçıları İttifaqı (SİNQ) bəyan edib ki, beynəlxalq əmtəə bazarlarında neftin və neft məhsullarının qiyməti ucuzlaşıb. Bütün bunlar Gürcüstan bazarına da təsir göstərib və pərakəndə satış şəbəkəsində qiymətlər avqust ayından başlayaraq, hər litrə görə orta hesabla 25 tetri ucuzlaşıb. Qeyd edək ki, 100 tetri 1 laridir, 1,9 lari isə bir ABŞ dollarıdır.
SİNQ-in məlumatına görə, yaxın günlərdə yanacağın qiyməti yenidən düşəcək. Dünya bazarında neftin qiymətinin ucuzlaşması davam edərsə yanacağın qiymətinin azalması tendensiyası gələcəkdə də davam edəcək.
Məlumata görə, hazırda Gürcüstanın yanacaqdoldurma stansiyalarının şəbəkələrində "Super" markalı benzinin 1 litri orta hesabla 2,19 - 2,09 lari, "Premium" 2,09 - 2,01 lari, "Avrorequlyar" 1,99 - 1,84 lari, "Requlyar" 1,89 -1,93 lari, "Avro dizel" yanacağının bir litri orta hesabla 2,14 - 1,96 lari, "Dizel" yanacağı isə 1,93 - 1,89 laridir.
Gürcüstanın baş naziri İrakli Qaribaşvili, hökumətin dekabrın 18-də keçirilən iclasında deyib ki, ölkədə benzinin qiyməti aşağı düşüb, amma bu dünya bazarına uyğun olmalıdır.
Baş nazir ölkənin Rəqabət Agentliyindən 10 gün müddətinə ətraflı hesabat hazırlanmasını tələb edib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi