İQTİSADİYYAT
Gürcüstanda fəaliyət göstərən şirkətlər təbii qazın qiymətinin artırılması ilə əlaqədar hökumətə mürciət ediblər
Tbilisi, 1 iyul, AZƏRTAC
Gürcüstanda fəaliyyət göstərən dörd şirkət –“Qaz nəqli şirkəti”, “SOCAR Georgia Gas”, “Qruzqorqaz” və “Kaztransqaz” şirkətləri təbii qazın tarif qiymətinin artırılması ilə bağlı hökumətə müraciət ediblər.
Şirkətlər Gürcüstanın milli valyutasının ucuzlaşmasının investisiya mühitinə təsirini əsas səbəb kimi göstərirlər.
Gürcüstan Baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze təbii qazın qiymətinin artmasının mümkünlüyünü bildirib.
Gürcüstanın Tarif Komissiyasından bildiriblər ki, şirkətlərin təkliflərinin əksəriyyəti öyrənilib və yaxın günlərdə məsələyə münasibət bildiriləcək.
“SOCAR Energy Georgia” MMC-nin baş direktoru Mahir Məmmədov AZƏRTAC-a müsahibəsində deyib ki, Gürcüstanda istifadə olunan enerji resurslarının, xüsusən də təbii qazın qiymətləri dövlət tərəfindən tənzimlənir. Şirkətlər, dünya bazarında qiymətlərin dəyişməsi, milli valyutanın devalvasiyası və digər amillər ilə əlaqədar təkliflər verə bilərlər.
M.Məmmədov deyib: “Gürcüstanda təbii qaz həm kommersiya, həm də sosial istiqamətlərdə istifadə olunur. Sosial istiqamətli təbii qazın qiyməti dövlət və maraqlı şirkət tərəfindən mühafizə olunaraq tənzimlənir. SOCAR 6 ildən çoxdur ki, Gürcüstanda investisiya siyasəti aparır. Bu ilin sonunadək şirkət investisiyasının həcmini 250 milyon dollara çatdıracaq. Bu öhdəlikdir və bu il sona çatır. Biz bu proqramı tam həcmdə yerinə yetiririk. Eyni zamanda, bu ölkədə obyektiv maliyyə prosesləri gedir. Bu isə milli valyutanın devalvasiyasına səbəb olur. Nəticədə istehlak qiymətlərində düzəlişə ehtiyac yaranır. Bu, dövlət neft şirkətinin istəyi deyil, Gürcüstan dövlətinin yanacaq və energetika sahəsində tənzimləyici orqanının tələbidir”.
“Bizim investisiya indeksimiz həm də, milli valyutanın devalvasiya amilləri nəzərə alınmaqla hesablanıb və dövlət tərəfindən bir qiymət müəyyən olunub. İndi, dövlət nə qərar çıxaracaqsa, biz də ona tabe olacağıq və gələcək siyasətimizi ona uyğun davam etdirəcəyik”, - deyə SOCAR-ın Gürcüstan nümayəndəliyinin rəhbəri bildirib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi