DÜNYA
Gürcüstanda hibrid avtomobillərin gətirilməsinə vergi güzəşti tətbiq edilib
Bakı, 28 aprel, Ramiz Quliyev, AZƏRTAC
Gürcüstan parlamentinin Vergi Məcəlləsinə etdiyi yeni dəyişikliyə əsasən, hibrid mühərrikli avtomobillərin ölkəyə gətirilməsi üçün tətbiq olunan aksizlər yarıbayarı azaldılıb.
AZƏRTAC Vergilər.az saytına istinadla bildirir ki, hökumətin mövqeyinə görə, hibrid avtomobillər üçün vergi güzəşti tədricən onların adi avtomobilləri üstələyəcəyinə gətirib çıxaracaq. Bu addımın atılması isə ikiqat fayda verəcək: həm ölkənin ekologiyasına müsbət təsir göstərəcək, həm də yanacaq idxalı üçün çəkilən xərcləri azaldacaq.
Müşahidəçilər bildirirlər ki, Gürcüstanda hibrid maşınlara maraq getdikcə artır. 2013-cü ilin iyulundan dekabrınadək bu ölkənin ərazisinə 166, 2014-cü ildə 667, 2015-ci ilin iyuluna qədər isə 604 hibrid avtomobil gətirilib. Mütəxəssislər bu sahədə tətbiq olunan aksizin azaldılmasının bazar tələbatına ciddi təsir göstərəcəyini qeyd edirlər.