CƏMİYYƏT


Gürcüstanda məktəblilər arasında Xocalı soyqırımı mövzusunda olimpiada keçirilib

Tbilisi, 17 fevral, AZƏRTAC

Gürcüstanın Azərbaycanlı Hüquqşünaslar Assosiasiyası (GAHA) “İctimai Fəaliyyətin İnkişafı” Cəmiyyəti ilə birlikdə “Xocalı faciəsi ilə əlaqədar gürcü şagirdləri maarifləndirək” layihəsi çərçivəsində Gürcüstanın Kaspi rayonunda məktəblilər arasında olimpiada keçirib.

Rayondakı məktəb-gimnaziyada təşkil olunan bilik yarışmasında rayonun 5 məktəbindən 60 şagird iştirak edib.

Məktəblilər “Azərbaycanı tanıyırsanmı?”, “Xocalı harada yerləşir?”, “Xocalı soyqırımı barədə nə bilirsiniz?”, “Dağlıq Qarabağ haradadır?”, “Xocalı soyqırımını kim törədib?” və s. sualları cavablandırıb, Xocalı faciəsi ilə əlaqədar düşüncələrini bölüşüblər.

Birinci yerə gimnaziyanın 10-cu sinif şagirdi Soso Kvatadze layiq görülüb. Olimpiadada 1-ci, 2-ci və 3-cü yerlərin qaliblərinə diplom və qiymətli hədiyyələr təqdim olunub. Yarışmada fərqlənən daha bir neçə şagirdə fəxri fərmanlar verilib.

Məktəbin direktor müavini Nino Niparişvili belə tədbirlərin əhəmiyyətini yüksək qiymətləndirib, yeniyetmə və gənclərin maarifləndirilməsinin vacibliyini qeyd edib. Bildirib ki, yetişməkdə olan nəsli daha çox maarifləndirmək lazımdır. Bu cür tədbirlər davamlı olmalıdır. Direktor müavini azərbaycanlı və gürcü şagirdlərin iştirakı ilə əyləncəli maarifləndirici tədbirlərin keçirilməsini təklif edib.

GAHA-nın sədri Əli Bədirov jurnalistlərə deyib ki, yarışmanı təşkil etməkdə əsas məqsəd ermənilərin Gürcüstanda və Azərbaycanda törətdikləri vəhşiliklər, terror və soyqırımları barədə gürcü məktəbliləri məlumatlandırmaq, onların biliklərini artırmaqdır.

Müsabiqənin qalibi Soso Kvatadze deyib: “Xocalı Azərbaycanın Dağlıq Qarabağ bölgəsindədir. Hamı bilməlidir ki, Xocalı faciəsini erməni silahlıları törədiblər. Ermənilər bir gecədə yüzlərlə dinc insanı qətlə yetirib, uşaqlara qarşı xüsusi qəddarlıq ediblər. Xocalıda törədilənlər əsl soyqırımıdır. Düşünürəm ki, biz azərbaycanlıların dərdinə şərik olmalıyıq. Unutmamalıyıq ki, belə bir soyqırımı Gürcüstanda da törədilə bilər. Həmrəy olsaq bunun qarşısını ala bilərik”.

“İctimai Fəaliyyətin İnkişafı” Cəmiyyətinin direktoru Nika Markozaşvili isə bildirib ki, Azərbaycan və gürcü QHT-lərinin birgə keçirdikləri tədbirlərin xüsusi əhəmiyyət kəsb etdiyini bildirərək deyib: “Bizim birlikdə belə bir bilik yarışması keçirməyimiz, xalqlarımız arasındakı dostluğun yüksək səviyyədə olduğunu sübut edir. Bu da öz növbəsində məktəblilərə qardaş Azərbaycan xalqının tarixini öyrənməsinə imkan yaradır. Çalışacağıq ki, belə tədbirlərimiz daha çox olsun”.

Qeyd edək ki, məktəb-gimnaziya qədim tarixi binada - 1930-cu illərdə bolşeviklərin milis şöbəsinə məxsus binada fəaliyyət göstərir. Binanın zirzəmisində “Milis muzeyi” yaradılıb. Burada 1937-1938-ci illərdə bolşeviklər tərəfindən həbs olunaraq işgəncələrə məruz qalmış insanların siyahısı var. Burada yaradılmış elektron tabloda insanların adlarını, onların dindirilməsini, məruz qaldıqları işgəncələri vizual görmək olur.

Azərbaycanlı jurnalistlər muzeylə tanış olublar.

Muzeyin yaradıcısı Nino Niparişvili deyib ki, Gürcüstan DİN-in arxivindən götürülmüş materiallar əsasında hazırlanmış siyahıda azərbaycanlıların da adları var. Bir zamanlar bolşeviklərin siyasətinə qarşı çıxışlar etmiş 22 min nəfər insan bu zirzəmidə müxtəlif işgəncələrə məruz qalıb. Onların yarıdan çoxu ölümə məhkum edilib, qalanı isə sürgünə göndərilib.

Bu günə qədər DİN-in arxivindən götürülmüş 370-ə yaxın sənəd açılıb. Bir o qədər sənəd isə hələ öyrənilməyib. Ona görə də həmin illərdə repressiya qurbanı olmuş insanların sayının iki dəfədən çox artacağı istisna olunmur.

Muzey 2007-ci ildə yaradılsa da, iki ildir ki, fəaliyyət göstərir.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.