DÜNYA


Gürcüstanda parlament seçkiləri başa çatıb

A+ A

Tbilisi, 9 oktyabr, AZƏRTAC

Xəbər verdiyimiz kimi, oktyabrın 8-də Gürcüstan parlamentinə və Acarıstan Muxtar Respublikasının Ali Sovetinə seçkilər keçirilib.

Səsvermə səhər saat 8:00-da başlayıb, saat 20:00-da başa çatıb. İlkin məlumatlara görə, seçkilərdə seçicilərin 50 faizdən çoxu iştirak edib. Bununla da səsvermə baş tutmuş hesab olunur.

Lakin bəzi majoritar dairələrdə ikinci turun keçiriləcəyi istisna edilmir.

Səsvermənin ilkin nəticələri oktyabrın 9-da, tam nəticələr isə oktyabrın 19-da açıqlanacaq.

Keçirilən “exit-pol”ların nəticələrinə görə, seçkilərdə ən çox səsi hakim “Gürcü arzusu” partiyası qazanıb.

Gürcüstanın Baş naziri, “Gürcü arzusu-demokratik Gürcüstan” partiyasının sədri Georgi Kvirikaşvili axşam saatlarında qələbə münasibətilə seçiciləri və tərəfdaşlarını təbrik edib. O deyib: “Düzdür dərc olunan rəqəmlər ilkin hesablamalara əsaslanır. Hamı son nəticəni gözləyir. Amma “Gürcü arzusu” partiyası artıq qalibdir”.

Qeyd edək ki, seçki prosesi bəzi detalları ilə yaddaqalan olub.

Batumidə 83 yaşlı seçici məntəqədə səs verdikdən sonra halı qəflətən pisləşib və o, məntəqədə dünyasını dəyişib.

Gürcüstanın Şida Kartli bölgəsinin Kareli şəhərində isə yaşlı seçici məntəqəyə daxil olduqdan sonra özünü pis hiss edib. Təcili yardım çağırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.

Marneuli rayonunda seçki məntəqələrinin birində seçicilər arasında qarşıdurma yaranıb. Gürcüstanın xüsusi təyinatlılarının müdaxiləsindən sonra vəziyyət normallaşıb.

Zuqdidi rayonunda isə hakim “Gürcü arzusu” partiyasının üzvləri ilə məntəqə seçki komissiyası üzvləri arasında münaqişə olub.

Senaxidə isə seçiciyə pul verilməsi faktı aşkarlanıb.

Seçki günü “Vahid Milli Hərəkat” partiyasının müşahidəçilərinin döyülməsi barədə məlumatlar yayılıb. Ölkənin Daxili İşlər Nazirliyi faktlarla bağlı araşdırmalara başlayıb.

Gün ərzində MSK-ya müxtəlif məzmunlu 81 şikayət daxil olub.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.