DÜNYA


Gürcüstanda parlament seçkiləri keçirilir

A+ A

Tbilisi, 8 oktyabr, AZƏRTAC

Oktyabrın 8-də səhər yerli vaxtla saat 8:00-da Gürcüstan parlamentinə və Acarıstan Muxtar Respublikasının Ali Sovetinə seçkilər başlayıb.

Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Tamar Jivaniya bildirib ki, 3,53 milyon seçici bu gün 150 deputatı seçməlidir. Onlardan 77 nəfəri proporsional, 73 nəfəri isə majoritar qaydada seçiləcək.

Səsvermə saat 20:00-da başa çatacaq.

Deputatlığa namizədlər əsas 25 subyekt - 19 siyasi partiya və 6 seçki bloku tərəfindən həm proporsional, həm də bu subyektlərin təşəbbüs qrupları tərəfindən majoritar qaydada irəli sürülüb.

Səsvermənin gedişini yerli müşahidəçilərlə yanaşı, 55 beynəlxalq təşkilatdan 1440 müşahidəçi izləyəcək.

Azərbaycanlı deputatlar Sabir Hacıyev AŞPA, Əli Məsimli GUAM PA, Əflatun Amaşov və Hikmət Məmmədov isə Milli Məclisin xətti ilə səsvermənin gedişini müşahidə edəcəklər.

Səsvermə prosesini 184 KİV-in 5368 əməkdaşı izləyəcək.

Seçkilərlə əlaqədar Gürcüstanda 73 seçki dairəsi üzrə 3636 məntəqə seçki komissiyası yaradılıb.

Bu seçki məntəqələrindən 207-si birbaşa azərbaycanlılar yaşayan ərazilərdə, bir neçəsi isə azərbaycanlıların gürcü və digər millətlərin nümayəndələri ilə birgə yaşadıqları ərazilərdə yaradılıb.

Seçkilərdə 40-a yaxın azərbaycanlının deputatlığa namizədliyi irəli sürülüb.

Gürcüstan Seçki Məcəlləsinin tələbinə əsasən majoritar sistem üzrə mübarizə aparan namizədlər lazım olan səsləri toplaya bilmədikdə seçkilərin ikinci turu təşkil olunacaq.

Tamar Jivaniya bildirib ki, majoritar sistem üzrə deputatlığa namizəd seçicilərin 50 faizindən çoxunun səsini qazanmalıdır. Əgər dairə üzrə namizədlərdən heç biri bu baryeri keçməsə ikinci tur olacaq. İkinci turda ən çox səs toplamış iki namizəd mübarizə aparacaq. Namizədlərin bir neçəsi eyni səs toplayarsa, o zaman, onların hamısı ikinci turda iştirak edirlər.

İkinci turda ən çox səs toplamış namizəd deputat mandatı qazanacaq.

MSK sədri bildirib ki, ikinci tur birinci turdan 25 gün sonra keçiriləcək. Bu da təxminən noyabrın 2-nə təsadüf edəcək.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.