ELM VƏ TƏHSİL


Gürcüstanda təhsil alan soydaşlarımızın problemləri diqqət mərkəzindədir

Tbilisi, 11 iyul, AZƏRTAC

Tbilisi şəhərindəki və Qardabani, Marneuli, Dmanisi rayonlarındakı Azərbaycandilli məktəblərin bir qrup müəllimi iyulun 11-də Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənovla görüşüb.

Görüşdə Gürcüstandakı Azərbaycandilli məktəblərin vəziyyəti, dərslik və kadr çatışmazlığı, onların həlli yolları müzakirə olunub. Qardabani rayon 3 saylı tam orta məktəbin müəllimi Hidayət Yusubov, Tbilisi şəhər 73 saylı məktəbin direktoru Salman Pirməmmədov, Gürcüstanın Azərbaycanlı Müəllimlər İttifaqının sədri Səadət Zeynalqızı və başqaları çıxış edərək məktəblərdəki vəziyyət barədə məlumat veriblər. Bildirilib ki, bu gün Azərbaycandilli məktəblərdə dərslik və kadr çatışmazlığı gənc nəslin Azərbaycan dilini və ədəbiyyatını öyrənmələrində ciddi problemlər yaradır.

Görüşdə SOCAR-ın azərbaycanlı tələbələrin təhsil haqqını ödəməsi çox yüksək qiymətləndirilib. Soydaşlarımızın qarşılaşdıqları problemlər də diqqət mərkəzində olub.

Səfir Dursun Həsənov deyib ki, Azərbaycan dövləti Gürcüstanda yaşayan soydaşlarımızın problemlərini diqqətlə öyrənir, onların həlli üçün bütün mümkün vasitələrdən istifadə edir. Azərbaycanın Təhsil Nazirliyinin xətti ilə hər il Gürcüstandakı Azərbaycandilli məktəblərə dərslik və metodik vəsait göndərilir. Bu proses davam edir. D.Həsənov Gürcüstandakı soydaşlarımızın Azərbaycan universitetlərində təhsil almaları ilə bağlı məsələnin də araşdırılacağını bildirib. Diplomat Gürcüstanda Azərbaycanlı Müəllimlər İttifaqının yaradılmasını yüksək qiymətləndirib, bu təşkilatın azərbaycanlı müəllimlərin, Azərbaycandilli məktəblərin problemlərinin həllində mühüm işlər görəcəyinə, ölkələrimiz arasında elm və təhsil sahələrində əlaqələrin inkişafına çalışacağına əmin olduğunu bildirib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.