QAN YADDAŞI
Gürcüstanda yaşayan azərbaycanlı tələbələr 20 Yanvar faciəsi ilə bağlı məlumatlandırma aksiyası keçiriblər
Tbilisi, 21 yanvar, AZƏRTAC
İlya Çavçavadze adına Tbilisi Dövlət Universitetinin və İvane Cavaxişvili Dövlət Universitetinin tələbələri yanvarın 21-də Gürcüstan paytaxtının mərkəzi küçə və prospektlərində, metrolarda 20 Yanvar faciəsi barədə məlumatlandırma aksiyası keçiriblər.
Gürcüstanın Azərbaycanlı Tələbələr Birliyinin üzvləri olan gənclər 20 Yanvar faciəsindən bəhs edən və gürcü dilinə tərcümə olunmuş broşür və açıqcalar paylayıb, şəhər sakinlərinə, turistlərə faciə barədə məlumat veriblər.
Birliyin sədri Mustafa İsmayılov jurnalistlərə bildirib ki, aksiyanın məqsədi 20 Yanvar faciəsi barədə insanlara daha dolğun məlumat vermək, tələbələri məlumatlandırmaq, bu yolla Azərbaycanın haqq səsini dünya ictimaiyyətinə çatdırmaqdır. Bu cür tədbirlər davamlı olacaq və Gürcüstanın digər ali məktəblərində oxuyan azərbaycanlı və gürcü tələbələr də bu cür aksiyalara qoşulacaqlar.
Gün ərzində tələbələr 300-dən çox broşür və açıqcalar paylayıblar.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi