CƏMİYYƏT


Gürcüstanda yaşayan türklər və azərbaycanlılar Türkiyəyə dəstək aksiyası keçiriblər

A+ A

Tbilisi, 20 iyul, AZƏRTAC

Dünya Qarapapaq Türkləri Birliyinin (DKTB) Gürcüstan bürosunun təşəbbüsü ilə iyulun 20-də Tbilisidə Türkiyəyə dəstək aksiyası keçirilib.

Türkiyənin Gürcüstandakı səfirliyinin qarşısında keçirilən tədbirdə DKTB-nin, “Borçalı” İctimai Birliyinin, “Salam” Mədəni Xeyriyyə Cəmiyyətinin, Gürcüstan Aşıqlar Birliyinin, Gürcüstanın Azərbaycanlı Hüquqşünaslar Assosiasiyasının, “Sarvan” Folklor qrupunun üzvləri də iştirak ediblər.

DKTB-nin baş katibi Səlahəddin Turan, professor Mahmud Kamaloğlu, şairə Səadət Buta və başqaları çıxış edərək iyulun 15-də Türkiyədə baş verən dövlət çevrilişinə cəhdi qətiyyətlə pisləyiblər. Bildirilib ki, Türkiyədə demokratik yolla seçilmiş bir hakimiyyətin silah gücü ilə devrilməsinə cəhd bütün türk millətinə qarşı yönəlmiş addım idi. Lakin böyük türk xalqı hakimiyyətin zorla devrilməsinə yox dedi, türk birliyini dəstəklədi.

Çıxış edənlər dünya türklərini birliyə çağırıb, Türkiyədə və ya digər ölkələrdə dövlətin silah və güc yolu ilə devrilməsi cəhdlərinin yolverilməz olduğu vurğulayıblar.

Aşıqlar Nargilə Mehtiyeva, Məsim Rəcəbov Azərbaycan və türk aşıq havalarını, xalq mahnılarını ifa ediblər.

Türkiyənin Gürcüstandakı səfirliyinin məsul əməkdaşı Harun Özdekiş dəstəyə görə Azərbaycan və türk diaspor təşkilatlarına minnətdarlıq edib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.