DÜNYA


Gürcüstanda yol hərəkəti qaydalarını pozan sürücülərə qarşı cəza tədbirləri sərtləşdirilib

Tbilisi, 2 iyul, AZƏRTAC

Gürcüstanda yol hərəkəti qaydalarını pozan avtomobil nəqliyyatı sürücülərinə qarşı yeni cəza tədbirləri görüləcək. Qanunu pozan sürücülərə cərimələrlə yanaşı, cərimə balı da hesablanacaq.

İyulun 1-dən bu ölkədə avtomobil yol hərəkəti qaydalarını pozan sürücülər üçün cərimə protokolu yazılmaqla yanaşı, onlara həm də cərimə balları hesablanacaq.

Ölkənin Daxili İşlər Nazirliyindən bildiriblər ki, sürücü qanun pozuntularına görə cəmi 100 cərimə balı ala bilər. İl ərzində cərimə balı 100-ə çatmış şəxsin sürücülük vəsiqəsi alınacaq. Yeni sürücülük vəsiqəsi almaq üçün isə şəxs yenidən imtahan verməlidir. İmtahanı isə ildə bir dəfə vermək mümkün olacaq.

Yeni qaydalara əsasən, ən yüksək bal 40 baldır və bu cərimə balı avtomobili sərxoş və ya narkotik maddələrin təsiri altında idarə edən şəxslərə veriləcək (sürət həddini aşmaq, yol qəzası törətmək, təcili tibbi yardım, yanğınsöndürən və digər bu kimi avtomobillərin hərəkətinə maneə yaratmaq). İkinci ən yüksək bal isə 30 baldır. Bu cərimə balı avtomobili gizli və ya dəyişdirilmiş dövlət qeydiyyat nişanı ilə idarəetməyə, avtomobili qadağan olunmuş yerdə saxlamağa, sürət həddini aşmağa, qəza şəraiti yaratmağa görə tətbiq olunacaq.

Cərimə balları DİN-nin nəzdindəki Vahid Əməliyyat Mərkəzinin əməkdaşları tərəfindən yazılacaq. Sürücü ilə birbaşa əlaqəsi olmayacaq yeni patrul polisinin avtomobili də adi avtomobillərdən fərqlənməyəcək. Xüsusi müşahidə kameraları ilə (video, foto) avtomobillərdə oturacaq patrul əməkdaşları yollarda olacaq və hərəkətin təhlükəsizliyinə nəzarət edəcəklər.

Qanunun qüvvəyə mindiyi gündən 15 saat ərzində Tbilisidə yol hərəkət qaydalarının pozulmasına görə 1568 protokol yazılıb, bunlardan 996-sına cərimə balları hesablanıb.

Bu qanun Gürcüstana gələn xarici ölkə vətəndaşlarına da şamil olunacaq. Xarici vətəndaşları cərimə balına uyğun olaraq yüksək məbləğdə cərimə ödəyəcəklər. Bu cəriməni ödəməyən xaricilərə ölkədən çıxmağa icazə verilməyəcək.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.