CƏMİYYƏT


Gürcüstandakı məscidlərin 150-si dövlət qeydiyyatına alınıb

A+ A

Tbilisi, 26 noyabr, AZƏRTAC

Son bir ildə Gürcüstanda 46 məscid əsaslı təmir olunub, 8 məscidin tikintisinə başlanılıb.

Bu sözləri Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) sədri Ramin İgidov noyabrın 26-da keçirdiyi hesabat yığıncağında deyib.

Bildirilib ki, ümumilikdə Gürcüstanda 312 məscid var və onların 55-i keçən il təmir olunub.

Ümumi məscidlərin 100-ə yaxını azərbaycanlılara məxsusdur. Bu gün mövcud olan 312 məsciddən yalnız 150-si dövlət qeydiyyatına alınaraq GMİ-yə verilib. Qalan məscidlərin dövlət qeydiyyatına alınması istiqamətində işlər davam etdirilir.

GMİ-nin təşəbbüsü ilə Gürcüstandakı həbsxanalarda müsəlman məhbuslar üçün ibadət otaqları istifadəyə verilib. Eyni zamanda, hərbi hissələrdə də ibadət otaqları yaradılıb. SOCAR-ın yardımı ilə məscidlərin 22-nə pulsuz təbii qaz verilib. R.İgidovun sözlərinə görə, bu il 800-ə yaxın ailəyə, o cümlədən 150 kimsəsizə GMİ tərəfindən yardım edilib. Ölkədəki problemlərə toxunan R.İgidov deyib ki, Gürcüstanda “Din haqqında” qanunun qəbuluna ehtiyac var. Eyni zamanda, radikal dini qruplaşmalara qarşı tədbirlər gücləndirilməlidir.

Sonra Gürcüstanın Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşaqmadze çıxış edərək bildirib ki, bu gün ölkədəki müsəlman icması böyüklüyünə görə ikinci yerdədir. Müsəlmanlar icmasının fəaliyyətini yüksək qiymətləndirən Z.Vaşaqmadze deyib ki, Gürcüstan dövləti dini icmaların normal fəaliyyət göstərmələri üçün bütün imkanları yaradıb. Z.Vaşaqmadze dini radikalizmə qarşı mübarizədə Azərbaycan və Türkiyə dövlətləri ilə bir sırada dayandığını xüsusi qeyd edib. Agentliyin sədri onu da bildirib ki, Gürcüstan dövləti radikal dini qruplaşmaların bu ölkədəki fəaliyyətinə heç cür imkan verməyəcək.

Şərqi Gürcüstan müsəlmanlarının müftisi hacı Yasin Əliyev, Qərbi Gürcüstan müsəlmanlarının müftisi hacı Belkelr Kamaşidze və başqaları çıxış edərək görülən işlər və qarşıda duran vəzifələr haqqında danışıblar.

Hesabat yığıncağında Azərbaycanın Gürcüstandakı səfirinin birinci müavini Dursun Həsənov, Qafqaz Müsəlmanları İdarəsinin və digər müxtəlif dini icmaların nümayəndələri, Türkiyənin və İranın bu ölkədəki səfirliklərinin əməkdaşları iştirak ediblər.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.