REGİONLAR
Gürcüstandan Azərbaycana diri heyvanların idxalına müvəqqəti məhdudiyyət qoyulub
Bakı, 30 yanvar, AZƏRTAC
Gürcüstanın Tbilisi şəhəri yaxınlığında yerləşən Varketili ərazisində blutanq xəstəliyinin yayılması ilə əlaqədar Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti rəisinin və baş dövlət baytarlıq müfəttişinin səlahiyyətlərini müvəqqəti icra edən Azər Süleymanov əmr imzalayıb. Bu barədə AZƏRTAC-a Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən məlumat verilib.
Azərbaycan ərazisinin başqa dövlətlərdən keçə biləcək yoluxucu və ekzotik xəstəliklərdən qorunması məqsədilə “Baytarlıq haqqında” Qanunun 8.1.7-ci maddəsini və Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti haqqında Əsasnamənin 8.4-cü bəndini rəhbər tutaraq Dövlət Baytarlıq Nəzarəti Xidmətinin imzaladığı bu əmrdə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (BEB) rəsmi məlumatına görə, Gürcüstanın Tbilisi şəhəri yaxınlığında yerləşən Varketili ərazisində blutanq xəstəliyinin yayıldığı bildirilir.
Bununla əlaqədar, əmrdə həmin ölkədən diri heyvanların (iribuynuzlu, xırdabuynuzlu və dəvələrin) idxalına müvəqqəti məhdudiyyət qoyulması, eləcə də digər dövlət baytarlıq nəzarətində olan yüklərin idxalına isə Gürcüstanın Dövlət Baytarlıq Xidmətinin yük çıxan ərazinin epizootik vəziyyəti və məhsulun sağlamlığı haqqında rəsmi arayışı və mənşə sertifikatı olduğu təqdirdə baxılması qeyd edilir.
Gürcüstanda yayılmış blutanq xəstəliyi ilə bağlı ölkəmizin bu xəstəlikdən qorunması üçün bütün zəruri tədbirlər görülməsi məqsədilə müvafiq strukturlara tapşırıqlar verilib və aidiyyəti dövlət qurumları məlumatlandırılıb.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, blutanq xəstəliyinə və digər iti yoluxucu xəstəliklərə görə ölkəmizdə epizootik vəziyyət sabitdir və bu sabitliyə tam nəzarət edilir.