İQTİSADİYYAT
Gürcüstandan yola düşən ilk konteyner qatarı bu gün Keşlə stansiyasına çatıb
Bakı, 2 iyun, AZƏRTAC
Dünən Gürcüstandan yola düşən ilk konteyner qatarı bu gün Keşlə stansiyasına çatıb. Qatar 26 konteynerdən ibarətdir.
“Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, son vaxtlar Azərbaycan və Gürcüstan dəmir yolları arasında ikitərəfli əlaqələrin daha da genişləndirilməsi üçün mühüm addımlar atılır. İki ölkə arasında dəmir yoluna əlavə yük axınının cəlb edilməsi prosesi davam edir.
“Azərbaycan Dəmir Yolları” QSC Yük daşımaları Departamentinin rəisi Əşrəf Məmmədəliyev bildirib ki, aparılan çevik tarif siyasəti nəticəsində, ilkin hesablamalara görə, Azərbaycanla Gürcüstan arasında il ərzində 40 minə yaxın konteynerin daşınması mümkün olacaq. Bu da əlavə 1 milyon ton yükün daşınması deməkdir.
Xatırladaq ki, Azərbaycan və Gürcüstan dəmir yolu rəhbərləri arasında, dəmir yoluna konteyner daşımalarının daha çox cəlb edilməsi barədə müvafiq sənəd imzalanıb. Həmin sənədə əsasən, Gürcüstanla Azərbaycan arasında dəmir yolu ilə konteyner daşımalarına rəqabətə davamlı, eləcə də 50 faizə qədər güzəştli tariflər tətbiq olunub və bu tariflər iyunun 1-dən yük daşımalara tətbiq edilir.
Konteyner daşımalarının həyata keçirilməsi üçün Azərbaycan və Gürcüstan tərəfi konteyner qatarı hazırlayıb. Bu qatarların hərəkəti üçün xüsusi cədvəl tərtib olunub və hərəkət sürəti digər yük qatarlarının hərəkət sürəti ilə müqayisədə 2 dəfə yüksəkdir. Belə ki, bu qatarlar Poti və Bakı arasında 900 kilometrə yaxın məsafəni 30 saata qət edirlər.
Qeyd edək ki, konteyner qatarları, tələbata uyğun olaraq, həftədə bir neçə dəfə olmaqla fəaliyyət göstərəcək. Yükgöndərənlərin sifarişi əsasında, Gürcüstan limanlarından yüklənən konteyner qatarları Bakı, Astara, Ələt, Xırdalan, Sumqayıt və digər regionlara da göndərilə bilər.
Gürcüstan limanlarından yüklənən konteyner qatarlarının Azərbaycanda yük sahiblərinə çatdırılıb, boşaldılıb və geriyə qaytarılması, maksimum 5 sutka ərzində həyata keçiriləcək.