CƏMİYYƏT


Gürcüstanın Dövlət Nazirliyi azərbaycanlılar yaşayan bölgələrin problemləri ilə maraqlanıb

Tbilisi, 29 iyun, AZƏRTAC

Gürcüstanın Barış və Vətəndaş Bərabərliyi Məsələləri üzrə dövlət nazirinin birinci müavini Petre Kankava azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunda olub. Nazirliyin təşəbbüsü və Kvemo Kartli-Borçalı bölgə qubernatorluğunun təşkilatçılığı ilə keçirilən görüşdə İqtisadiyyat və Kənd Təsərrüfatı nazirliklərinin nümayəndələri və digər strukturların rəhbər şəxsləri də iştirak ediblər.

P.Kankava çıxışında milli azlıqların sosial-məişət qayğılarından danışıb, onların təhsil məsələlərinə toxunub. Bildirib ki, keçən il 1000 nəfərdən çox etnik azlıq nümayəndəsi 1+4 proqramı çərçivəsində Gürcüstanın ali təhsil müəssisələrinə qəbul olunublar. O deyib: “Gürcüstan dövləti milli azlıqların, o cümlədən azərbaycanlıların dövlət strukturlarında işlə təmin olunmasına da böyük diqqət yetirir. Artıq 66 azərbaycanlı tələbə ölkənin 14 müəssisəsində, quberniya və yerli strukturlarda təcrübə keçirlər. Biz əsasən, dövlət dilini mükəmməl bilən gəncləri işlə təmin edirik. Bu, bizim üçün önəmlidir. Biz gələcəkdə gənc kadrların irəli çəkilməsinə ciddi fikir verəcəyik”.

Nazir müavini Gürcüstanda Azərbaycan dilində nəşr olunan “Gürcüstan” qəzetinə, eləcə də digər azlıqların mətbu orqanına maliyyə yardımı göstərdiklərini və bu qəzetlərin milli etnik azlıqlar yaşayan bölgələrdə yayımlandığını, bununla da əhalinin informasiya almaq imkanlarının artdığını, yeniliklərlə tanış olduqlarını bildirib.

Nazir müavini jurnalistlərə açıqlamasında deyib: “Marneulidə rayon rəhbərliyi, QHT-lərin, biznes strukturlarının və ictimaiyyətin nümayəndələri ilə görüşdük. Məqsədimiz İqtisadiyyat və Kənd Təsərrüfatı nazirliklərinin nümayəndələri ilə birlikdə Marneulidə əhalini məlumatlandırmaq, onları dinləmək və problemlərinin həllinə yardım etməkdir. Avropaya inteqrasiya prosesində kənd təsərrüfatının inkişafı istiqamətində mövcud problemlərə, imkanlara və yeniliklərə toxunduq. Gürcüstan ilə Avropa arasında azad ticarət inkişaf edəcək. Yerli məhsullar azad şəkildə Avropa bazarına daxil olacaq. Bu gün bizim üçün geniş imkanlar yaradılıb. Biz Marneuli, Bolnisi, Qardabani, Dmanisidə yetişdirilən keyfiyyətli məhsulları Avropa bazarında görəcəyik. Bu, Gürcüstan əhalisi üçün, xüsusən də azərbaycanlılar üçün çox sərfəlidir”.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.