ELM VƏ TƏHSİL
Gürcüstanın Sagareco rayonundakı Azərbaycan dilli məktəblilər arasında növbəti olimpiada keçirilib
Tbilisi, 4 may, AZƏRTAC
Gürcüstanın Azərbaycan Hüquqşünaslar Assosiasiyasının (GAHA) təşəbbüsü ilə növbəti olimpiada Sagareco rayonundakı Azərbaycan dilli məktəblərin şagirdləri arasında keçirilib.
Test tapşırıqlarını vaxtında və düzgün yerinə yetirən 5 şagirdə GAHA-nın sertifikatı və hədiyyələri təqdim olunub. Olimpiadanın bu mərhələsinin qalibi Yormuğanlı kənd məktəbinin şagirdi Məhəmməd Eyyubov olub. İkinci yerə Ləmbəli kənd məktəbinin şagirdi Tural İsayev layiq görülüb.
GAHA-nın təsisçisi, hüquqşünas Əli Bədirov AZƏRTAC-a bildirib ki, əsas məqsəd gənc nəslin vətəndaş və hüquqi təhsilə yiyələnmələrinə yardımçı olmaqdır. Layihə çərçivəsində azərbaycanlı şagirdlərə hüquq, vətəndaş hüququ, vətəndaş cəmiyyəti barədə biliklərini artırmağa, vətəndaş bərabərliyi prinsiplərini daha geniş öyrənmələrinə imkan yaradılır. Onların hüquq elminə marağı artır.
Ə.Bədirov bildirib ki, vətəndaş təhsili adlanan olimpiada Gürcüstandakı bütün Azərbaycan dilli məktəblər arasında keçiriləcək. Sonda qaliblər arasında yekun turu təşkil olunacaq.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi