DÜNYA


Gürcüstanın “Vahid Milli Hərəkat” partiyası parlamentə gedəcək

A+ A

Tbilisi, 11 oktyabr, AZƏRTAC

Gürcüstanın ana müxalifət partiyası hesab edilən “Vahid Milli Hərəkat” partiyasının seçkilərdə deputat mandatı qazanmış namizədləri parlamentə gedəcəklər.

Partiyanın üzvü, ilkin məlumatlara görə proporsional siyahı üzrə deputat mandatı qazanmış Azər Süleymanov bildirib ki, bu barədə partiyanın siyasi şurasının oktyabrın 11-də keçirilmiş iclasında qərar qəbul olunub.

A.Süleymanov deyib: “Oktyabrın 8-də keçirilmiş parlament seçkilərində proporsional siyahı üzrə mandat qazanmış şəxslərin parlamentə getməyəcəkləri barədə müəyyən fikirlər var idi. Siyasi şura bu gün həmin şəxslərin parlamentə getməsi, həmçinin majoritar dairələrdə mübarizə aparan namizədlərin ikinci turda mübarizəni davam etdirmələri barədə qərar qəbul edib”.

İlkin məlumatlara görə, “Vahid Milli Hərəkat” partiyası seçkilərdə proporsional siyahı üzrə 27 deputat yeri qazanıb. Majoritar dairədən isə hələlik heç bir mandat əldə olunmayıb. Marneulidəki 36 saylı dairədən namizədliyi irəli sürülmüş azərbaycanlı Əhməd İmamquliyev birinci turda seçicilərin 47,91 faizinin səsini toplayıb. İkinci turda onun rəqibi seçicilərin 43,41 faiz səsini toplamış Tamaz Naveriani olacaq.

A.Süleymanov bildirib ki, partiya üzvləri Ə.İmamquliyevin qələbə qazanması üçün səylərini davam etdirəcək.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.