İQTİSADİYYAT
Gürcüstanın daha iki kanalı “Azerspace-1” peykində yayıma başlayıb VİDEO
Bakı, 27 oktyabr, AZƏRTAC
Cənubi Qafqazın yeganə peyk operatoru olan “Azərkosmos” ASC Gürcüstanın daha iki kanalı – “Palitra” TV və “Trialeti” TV kanallarının kommersiya yayımına dair müqavilə imzalayıb. Müqaviləyə əsasən, kanal 2016-cı ilin oktyabr ayından etibarən “Azerspace-1” peyki üzərindən 11095/H/27500 tezliyi ilə yayımlanır. Həmin kanallar vasitəsilə gürcü dilində ictimai, siyasi, iqtisadi, idman, musiqi, yumor və mədəniyyət verilişləri nümayiş olunur.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, peyk operatoru, həmçinin Türkiyənin “Damar” FM radio kanalı ilə müqavilə imzalayıb. Müqaviləyə əsasən, musiqi və informasiya proqramlarının səsləndirildiyi radio kanalı “Azerspace-1” peyki üzərindən cari ilin oktyabr ayından etibarən 11027/H/7500 tezliyi ilə yayımlanır.
Qeyd edək ki, “Azərkosmos” ASC telekommunikasiya və coğrafi kəşfiyyat sahələri üçün yüksək keyfiyyətli peyk xidmətləri təqdim edir. 2013-cü ilin fevral ayında orbitə buraxılan və “Azərkosmos” tərəfindən idarə edilən “Azerspace-1” peyki 46° şərq uzunluğu orbital mövqeyində yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir. Ən azı 15 il müddətində orbitdə fəaliyyət göstərəcək peykin faydalı yükü 36 transponderdən ibarətdir: C diapazonda 24, Ku diapazonda 12 transponder. 2014-cü ilin dekabr ayından etibarən “Azərkosmos” sayca ikinci, təyinatına görə yüksək ayırdetməli (1.5 m ayırdetmə) Yer səthinin məsafədən müşahidə peyki olan “Azersky”ın idarəçiliyini təhvil almış və bununla da geoinformasiya xidmətləri də daxil olmaqla Yer səthinin məsafədən müşahidəsinin kommersiya fəaliyyətinə başlayıb. Şirkətin strateji inkişaf planlarına əhatə dairəsinin və xidmətlər spektrinin genişləndirilməsi daxildir. Bu məqsədlə, “Azərkosmos” 2017-ci ildə ikinci telekommunikasiya peyki “Azerspace-2”ni 45° şərq uzunluğu orbital mövqeyinə çıxarmağı və qarşıdakı illərdə çox yüksək ayırdetməli Yer səthinin məsafədən müşahidə peyki əldə etməyi planlaşdırır.
Daha ətraflı məlumatı “www.azercosmos.com” internet səhifəsindən əldə etmək olar.