CƏMİYYƏT


Gürcüstanın əlaqədar təşkilatları Marneulidə qeydə alınan kütləvi zəhərlənmə faktı ilə bağlı araşdırma aparır

A+ A

Tbilisi, 30 avqust, AZƏRTAC

Avqustun 29-da Gürcüstanın Marneuli rayonunun Sadaxlı kəndində keçirilən toy şənliyində kütləvi zəhərlənmə qeydə alınıb. Toyda iştirak edən 300-dək insanın 200-dən çoxu zəhərlənmə ilə əlaqədar xəstəxanalara müraciət edib.

Sadaxlı kənd sakinlərinin dediyinə görə, mərasim zamanı bir neçə qadın ürəkbulanması və baş ağrısı halları ilə əlaqədar toydan çıxıb. Onlar dərhal xəstəxanaya çatdırılıblar. Lakin sonradan toydan evə qayıdan xeyli insan təcili tibbi yardıma müraciət edib. Kütləvi zəhərlənmə ilə əlaqədar Marneuli rayon xəstəxanasına gətirilən xəstələrin sayı 100-ə çatıb. Yer olmadığından xəstələr “Geo Hospital” xəstəxanasına göndəriliblər.

Marneuli rayon xəstəxanasının baş həkimi Zurab Opropelidze AZƏRTAC-a müsahibəsində deyib. “Dünən axşam saatlarında bizim xəstəxanaya 100-dək insan müraciət edib. Onların arasında qadınlar və uşaqlar da var idi. Təqribən 14 uşaq bizdə müalicə alıb. Biz bütün həkimləri yenidən xəstəxanaya dəvət etdik və əlaqədar təşkilatları məlumatlandırdıq. Lakin bizə müraciət edənləri sayı durmadan artırdı. Ona görə də, xəstələri “Geo Hospital”a göndərməli olduq. Bizim xəstəxanaya qəbul olunmuş 20 xəstədə ürək-damar, şəkərli diabet, mədə-bağırsaq və digər xroniki xəstəliklər olduğu üçün onlar Rustavi, Bolnisi, Dmanisi rayon xəstəxanalarına göndərildi. Hazırda xəstəxanada 12 xəstə qalıb. Onlardan da təkrar analizlər götütürüləcək”.

Baş həkim deyir ki, gecə saatlarında Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili, Kvemo Kartli-Borçalı bölgəsinin qubernatoru, səhiyyə nazirinin müavini, habelə, siyasi partiyaların liderləri xəstəxanaya gəlib, xəstələrin vəziyyəti ilə maraqlanıblar.

Baş nazir xəstələrə müvafiq yardımların göstərilməsi ilə bağlı konkret tapşırıqlar verib.

Həmin gecə xəstəxanaya 54 xəstə qəbul edildiyini bildirən “Geo Hospital” xəstəxanasının baş həkimi Tatyana Şenqelaya deyib: “Gecə bizə məlumat verildi və həkimlərimizi yenidən işə çağırdıq. Gecə yarısınadək xəstə qəbul etdik. Hazırda xəstəxanada 4-5 xəstə qalıb. Qalanları isə artıq evə buraxılıb”.

T.Şenqelayanın sözlərinə görə, xəstələrdə əsasən ürəkbulanma, baş ağrıları, qusma və işləmə halları müşahidə olunub. Bu xəstəxanaya müraciət edənlərdən 12-si uşaqlar olub.

Hospitalın həkimi Nizami Musayev bildirib ki, bəzi xəstələri müalicə etmək üçün başqa xəstəxanalardan həkimlər dəvət olunub. O deyib: “Rayon xəstəxanasında həkim çatmırdı. Məni “Geo hospital”dan ora göndərdilər. Həkimlərin birgə səyi nəticəsində bəzi xəstələri vəziyyətdən çıxara bildik”.

Marneuli rayon xəstəxanasının uşaq bölməsinin müdiri Koba Otaraşvili isə bildirib ki, avqustun 29-dan 30-na keçən gecə şöbəyə 25-i uşaq olmaqla 46 nəfər müraciət edib. O bildirib: “Digər xəstəxanalarda yer olmadığı üçün böyükləri də bu şöbəyə qəbul etdik. Başqa əlac yox idi. Xəstələrimizin 70 faizi artıq evə buraxılıb. Qalanların vəziyyəti bir qədər ağır olduğu üçün onlardan təkrar analizlər götürüləcək və müvafiq tədbirlər görüləcək”.

Sadaxlı kənd sakini Polad Bediyevin ailəsi isə xəstəxanaya avqustun 30-da gündüz saatlarında müraciət edib. O deyir ki, gecə toydan qayıdanlar arasında halı pisləşənlərin bir neçəsi bu gün həkimə müraciət edib.

Qeyd edək ki, toyda zəhərlənmənin salat, balıq və sulardan baş verdiyi ehtimal olunur. Hazırda Gürcüstanın Səhiyyə və Daxili İşlər nazirliklərinin müvafiq bölmələri faktla bağlı araşdırma aparırlar. Toyda istifadə olunan bütün yemək növlərindən, şərab, limonad və saf sulardan analizlər götürülüb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.