MƏDƏNİYYƏT
Gürcüstanın saz və söz ustası Londonu valeh edib
Tbilisi, 9 sentyabr, AZƏRTAC
Gürcüstanda yaşayıb yaradan, saz və söz ustası, aşıq Nargilə Mehdiyeva İngiltərədə qastrol səfərində olub. “Londonda sazın gücü və möcüzəsi” adlı layihə çərçivəsində reallaşan səfər çərçivəsində aşıq Nargilə İngiltərənin bir neçə şəhərində maraqlı konsert proqramı ilə çıxış edib.
Bu barədə Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Mərkəzinin sədri Leyla Əliyeva sentyabrın 9-da keçirilən tədbirdə məlumat verib.
Bildirilib ki, N.Mehdiyeva avropalı sənətsevərlər tərəfindən rəğbətlə qarşılanıb. Təkcə azərbaycanlılar və türklər deyil, qərbli musiqisevərlər də azərbaycanlı qadın aşığın konsertlərinə maraqla tamaşa ediblər.
Gürcüstanlı aşıq Londonda fəaliyyət göstərən şərq və qərb mədəniyyəti və incəsənəti ustaları, musiqi kollektivləri ilə birlikdə konsertlər də verib.
Əslən İspaniyadan olan təhqiqatçı Stefan Vilyanson deyib ki, azərbaycanlı saz ustasının konsertinə ingilislərlə yanaşı, ispanlar, almanlar və fransızlar da qatılıblar. Hətta bəzi caz musiqiçiləri saz ilə birgə konsert veriblər və bu konsertlər də çox uğurlu olub. Avropalı mədəniyyət və incəsənət ustaları Azərbaycan musiqisinə, xüsusən də saz alətinə böyük maraq göstəriblər.
Sonra Gürcüstan Aşıqlar Birliyinin sədri Osman Əhmədoğlu, yazıçı-jurnalist Əlixan Yəhyaoğlu, Azərbaycan Milli Elmlər Akademiyasının böyük elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Kəmalə Əsədullayeva, Gürcüstan Qadınlar Şurasının sədri Ketevan Qabriaşvili, “Sözün işığı” qəzetinin baş redaktoru Əziz Dəlivəlli və başqaları çıxış edərək Azərbaycanda və Gürcüstanda mədəniyyətin, xüsusən də aşıq sənətinin inkişafı, saz sənətinin incəlikləri barədə danışıb, aşıq Nargilənin yaradıcılığından söz açıblar.
Tədbirdə N.Mehdiyevanın Londonda və İngiltərənin digər şəhərlərindəki konsertlərindən fraqmentlər nümayiş etdirilib. Azərbaycan mədəniyyətinin, aşıq sənətinin xaricdə təbliği ilə bağlı rəy və təkliflər səslənib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi