SİYASƏT


Gürkan Kumbaroğlu: Xəzər regionunun təbii resursları dünyanın enerji təhlükəsizliyində mühüm rola malikdir

A+ A

İstanbul, 17 avqust, AZƏRTAC

AZƏRTAC-ın media dəstəyi və Enerji İqtisadiyyatı üzrə Beynəlxalq Assosiasiyanın (IAEE) təşkilatçılığı ilə avqustun 28-dən 31-dək Bakıda Birinci Avrasiya Konfransı keçiriləcək. IAEE-nın prezidenti, professor Gürkan Kumbaroğlu bununla bağlı AZƏRTAC-ın müxbirinin suallarını cavablandırıb.

-Gürkan bəy, Bakı konfransı barədə ilkin olaraq nə deyə bilərsiniz?

-Əvvəla qeyd etmək istərdim ki, rəhbərlik etdiyim birlik fəaliyyət göstərdiyi dövrdə bir sıra beynəlxalq nailiyyətlərə imza atıb. Hesab edirəm ki, Bakıda keçiriləcək konfrans bu nailiyyətlərin zirvəsində dayanacaq. Bunun başlıca səbəbi Azərbaycanın əsas dövlət enerji qurumlarının konfransa dəstək verməsidir. Ümumilikdə konfransda 24 ölkədən 65 nümayəndənin çıxışı nəzərdə tutulub. Bundan başqa, konfrans çərçivəsində “İnsan resursları” və “Elektrik xidmətləri” mövzularında iki müsabiqə keçiriləcək.

-Konfransın Azərbaycanda keçirilməsi nə ilə bağlıdır?

-Təşkil etdiyimiz konfranslarla, o cümlədən assosiasiyamızın davamlı nəşr olunan üç elmi jurnalında Avrasiya bölgəsinin enerji mənbələrinə dair elmi məqalələr çap etməklə enerji resurslarının işlənilməsinə töhfə verməyə çalışırıq. Təəssüf ki, Xəzər bölgəsinin və Qafqazın enerji qaynaqlarının təhlili bu vaxtadək assosiasiyamızın fəaliyyətindən kənarda qalıb. Avrasiya Konfransını Azərbaycanda keçirməkdə başlıca məqsədimiz həmin boşluğu aradan qaldırmaqdır. Xəzər bölgəsinin təbii resursları olmadan və onlardan yetərincə faydalanmadan dünyanın enerji təhlükəsiliyinin təmin edilməsi mümkünsüzdür. Bu məsələdə Azərbaycan aparıcı mövqe tutur.

-Azərbaycan ilə bağlı daha hansı layihələriniz var?

- IAEE Azərbaycan və Orta Asya bölgələrinin enerji qaynaqlarından birgə bəhrələnmək imkanlarını təhlilinə ehtiyac duyur. Odur ki, ən yaxın zamanlarda bu mövzuya dair elmi konfrans keçirmək niyyətindəyik. Bu məsələdə Azərbaycanın rəsmi dövlət orqanları da bizə dəstək verirlər.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.