İQTİSADİYYAT


“Güzəştli mənzil” elektron sistemi vasitəsilə 2 gün ərzində 1032 vətəndaşın müraciəti qeydiyyata alınıb

Bakı, 1 iyun, AZƏRTAC

Azərbaycan Respublikası Prezidentinin “Güzəştli mənzil” sistemi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 24.05.2017-ci il tarixli 1418 nömrəli Fərmanına uyğun olaraq güzəştlə mənzil əldə etmək hüququ olan vətəndaşların müraciətlərinin qəbulu mayın 30-da istifadəyə verilmiş “Güzəştli mənzil” elektron sistemi vasitəsilə davam edir. İlk 2 gün ərzində ümumilikdə 1032 müraciət qəbul olunaraq qeydiyyata alınıb.

Mənzil İnşaatı Dövlət Agentliyindən AZƏRTAC-a verilən məlumata görə, Azərbaycan Respublikası Prezidentinin 16.11.2016-cı il tarixli 1113 nömrəli Fərmanı ilə təsdiq olunmuş müvafiq Qaydaya əsasən müraciətə onun qeydiyyata alındığı gündən 5 iş günü ərzində baxılır. 2 gün ərzində qeydiyyata alınmış 1032 müraciətdən 423 vətəndaşın müraciəti artıq cavablandırılıb. Belə ki, 366 nəfərin güzəştlə mənzil əldə etmək hüququ təsdiqlənərək hər birinin şəxsi elektron kabinetinin yaradılması təmin edilib; 41 nəfərin sənədlərinin natamam şəkildə təqdim olunması səbəbindən sənədlərdəki çatışmazlıqların aradan qaldırılması zərurəti ilə bağlı bildiriş göndərilib; 16 nəfərin müvafiq kateqoriyaya uyğun olmaması müəyyənləşdirilərək bu barədə bildiriş göndərilib.

Müraciətlərin 50 faizdən çoxu vətəndaşların özləri tərəfindən “Elektron hökumət” portalında yerləşən “Güzəştli mənzil” sistemi vasitəsilə edilib, qalan hissəsi isə müvafiq “ASAN xidmət” mərkəzlərində “MİDA” MMC-nin əməkdaşlarının köməkliyi ilə sistemdə qeydiyyata alınıb.

Xatırladaq ki, “Güzəştli mənzil” sistemi www.e-gov.az ünvanında yerləşən “Elektron hökumət” portalında yaradılıb. Güzəştli mənzilin əldə edilməsi üçün müraciət gücləndirilmiş elektron imza vasitəsilə mümkündür. Vətəndaşlar Elektron İmzanı (www.e-imza.az) və ya “Asan İmzanı” (www.asanimza.az) müvafiq olaraq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində Məlumat Hesablama Mərkəzindən və ya “ASAN xidmət” mərkəzlərindən əldə edə bilərlər.

Müvafiq elektron imzaya malik olan və tələb olunan sənədləri əvvəlcədən hazırlamış vətəndaşların “Elektron hökumət” portalı vasitəsilə birbaşa müraciəti əlavə vaxt itkisinin qarşısını alır və cəmi bir neçə dəqiqə ərzində tamamlana bilər.

Sistemdən istifadə ilə bağlı ətraflı videotəlimatla, habelə güzəştli mənzil almaq hüququna malik şəxslərin kateqoriyaları və hər bir kateqoriya üzrə təqdim edilməli sənədlərin siyahısı ilə www.mida.gov.az və ya www.mida.az internet saytlarının ana səhifəsində yerləşən “GÜZƏŞTLİ MƏNZİL SİSTEMİ” keçidi vasitəsilə tanış olmaq mümkündür. Saytın bu bölməsində “Elektron hökumət” portalında yerləşən “Güzəştli mənzil” sisteminə daxil olmaq üçün keçid də təqdim olunub.

Bununla belə, “Güzəştli mənzil” elektron sistemindən istifadə ilə bağlı sualları cavablandırmaq və müraciətlərin sistemdə qeydiyyata alınmasında vətəndaşlara köməklik göstərmək məqsədilə onlara Bakı şəhərində yerləşən 1, 3 və 5 saylı “ASAN xidmət” mərkəzlərində və Sumqayıt “ASAN xidmət” mərkəzində müvafiq xidmət göstərilir.

Güzəştlə mənzil əldə etmək hüququ olan vətəndaşların müraciətlərinin qəbulu davamlı prosesdir. Vətəndaşın hansı tarixdə müraciət edəcəyindən asılı olmayaraq, elektron kabinetə sahib olmuş bütün şəxslər gələcəkdə mənzil seçimində bərabər hüquqa malik olacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.