DÜNYA
HAMBURQLULAR ƏN VARLI ALMANLARDIR
Berlin, 14 aprel (AZƏRTAC). “Men`s Health” jurnalının alman versiyası Almaniya əhalisinin varlılıq reytinqini dərc etmişdir. Məlum olmuşdur ki, Hamburq əhalisi daha varlı yaşayır. AFR-in şərqindəki Qalle şəhərinin əhalisi isə yoxsuldur. Jurnalın əməkdaşları federal vilayətlərin statistika idarələrinin məlumatları əsasında belə qərara gəlmişlər. Jurnalın may nömrəsində dərc ediləcək məlumatlara görə, 2007-ci ildə Hamburqun hər sakini, orta hesabla, 23366 avro məbləğində vəsaiti ya şəxsi ehtiyaclarına sərf etmiş, ya da şəxsi hesabına qoymuşdur. Eyni zamanda, Qallenin hər sakininin həmin dövrdə bu məqsədlər üçün cəmi 14019 avro vəsaiti olmuşdur.
Varlılar siyahısında ikinci yeri Münxen tutur. Burada hər sakin 2007-ci ildə, orta hesabla, 22606 avro sərf etmişdir. Ştutqard (22071), Düsseldorf (22055) və Zolingen (21884) sakinləri də pis yaşamırlar.
DPA agentliyinin xəbərinə görə, siyahıda axırıncı 5 yeri keçmiş ADR ərazisindəki yaşayış məntəqələri tutur. Bu Rostok (14465 avro), Maqdeburq (14473), Leyptsiq (14648), Erfurtdur (14850). Keçmiş Şərqi Almaniyanın ən varlı şəhəri Hemnits (16057), köhnə torpaqlarda ən yoxsul şəhər isə Kil (15505 avro) hesab olunmuşdur.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin