İDMAN
HƏZİ ASLANOVUN XATİRƏSİNƏ HƏSR OLUNMUŞ BEYNƏLXALQ TURNİR BAŞLANMIŞDIR
Sentyabrın 28-də Bakı İdman Sarayında, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun xatirəsinə həsr olunmuş cüdo üzrə XXVI ənənəvi Beynəlxalq Bakı turnirinin təntənəli açılış mərasimi olmuşdur.
Gənclər, idman və turizm nazirinin müavini Asif Əsgərov mərasimi açaraq, turnirin təşkilat komitəsinə minnətdarlıq etdi, yarış iştirakçılarına uğurlar arzuladı.
Azərbaycan Milli Olimpiya Komitəsinin 10, respublika Cüdo Federasiyasının 30 illiyinə təsadüf edən indiki turnir iştirakçıların tərkibinə görə əvvəlkilərdən xeyli fərqlənir. Bu dəfə Bakıya Türkiyə, Rusiya, İran, İsveçrə, Gürcüstan, Yunanıstan, Belarusiya, Türkmənistan komandaları gəlmişlər. Rusiya idmançılarını Dağıstan və Çeçenistan nümayəndələri təmsil edirlər.
Turnirin ilk günü kişilər 81, 90, 100 kiloqramadək və 100 kiloqramdan yuxarı, qadınlar isə 52, 57, 63, 70 və 78 kiloqram çəki dərəcələrində yarışırdılar.
Azərbaycan cüdoçuları uğurla çıxış etdilər. Kişilər arasında Mehman Əzizov, Mövlud Mirəliyev və Vəsfi Əliyev qızıl, Emin Həsənov gümüş, Ruslan Rüstəmov və Rüfət Abbasov bürünc medallar qazandılar.
Qadın cüdoçularımızdan Kifayət Qasımova və Mətanət Süleymanova qızıl, Sima Hüseynova, Şahanə Alməmmədova, Hürü Əmirova və Gülzar Abbasova gümüş, Leyla Məmmədova, Bəhriyyə Hüseynova, Sona Əhmədova, Arzu Acalova, Elnarə Mirzəyeva və Rəhimə Bağırova bürünc medallara layiq görüldülər.
Dağıstan nümayəndəsi Sultan Məhəmmədov və qadınlar arasında Türkiyə idmançısı Səda Aradağ da final görnşlərini qələbə ilə başa çatdırdılar.
Sentyabrın 29-da digər çəki dərəcələrində qaliblər müəyyən olunacaqdır.