ELM VƏ TƏHSİL
“HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCANDA MİLLİ SİYASƏT” KİTABI İNGİLİS DİLİNDƏ
Azərbaycan Respublikasının milli siyasət məsələləri üzrə dövlət müşaviri Hidayət Orucovun “Heydər Əliyev və Azərbaycanda milli siyasət” kitabı “Şərq-Qərb” nəşriyyatında Azərbaycan və ingilis dillərində (bir cilddə) nəfis tərtibatla yeni redaksiyada nəşr edilmişdir. Əsərdə Azərbaycan Respublikasının Prezidenti, görkəmli siyasətçi və dövlət xadimi Heydər Əliyevin milli siyasət sahəsindəki fəaliyyəti fəlsəfi-siyasi publisistika üslubunda analitik təhlil olunur.
Dünya şöhrətli siyasətçi və böyük dövlət adamı Heydər Əliyevin zəngin siyasi bioqrafiyasının mühüm bir istiqamətini tədqiqata cəlb edən müəllif Azərbaycan Prezidentinin son otuz üç illik gərgin siyasi fəaliyyətini hərtərəfli işıqlandırmağa nail olmuşdur. Kitabın “Milli lider ehtiyacı”, “Şəxsiyyət-lider birləşdirici amil kimi”, “Milli dövlətçiliyimizin memarı”, “Lobbi quruculuğu və ümummilli lider amili” fəsillərində hələ ötən əsrin 70-ci illərindən başlayaraq Azərbaycanda milli özünüdərkin dirçəlişi, mütərəqqi və milli ruhlu ziyalıların mövcud rejimin təqib və təzyiqlərindən qorunması, ictimai-siyasi və milli-mədəni həyatın bütün sahələrinin durmadan inkişaf etdirilməsi, zəngin etnik özünəməxsusluğun qorunub saxlanması, dövlət idarəçiliyində milli kadrların xüsusi çəkisinin artırılması, eyni zamanda, Azərbaycan milli müstəqilliyini əldə etdikdən sonrakı dövrdə çağdaş milli siyasət konsepsiyası və praktikası, hüquqi, dünyəvi, demokratik dövlət quruculuğu və respublikamızın sivil dünyaya inteqrasiyası kimi sahələrdə Heydər Əliyevin titanik siyasi fəaliyyəti zəngin faktik materiallar əsasında araşdırılır.
Məlum olduğu kimi, “Heydər Əliyev və Azərbaycanda milli siyasət” kitabı Azərbaycan və rus dillərində də işıq üzü görmüşdür. Kitabın ingilis dilində növbəti nəşri isə beynəlxalq ekspertlərin, siyasətçilərin, politoloqların, dünya ictimaiyyətinin Azərbaycan rəhbərinin uğurlu, uzaqgörən daxili və xarici siyasətinin mühüm bir istiqaməti ilə və respublikamızda gedən demokratik ictimai-siyasi proseslər, azad vətəndaş cəmiyyəti quruculuğu, insan haqları və azadlıqlarının qorunması sahəsində hazırkı iqtidarın həyata keçirdiyi çoxşaxəli tədbirlərlə yaxından tanış olmalarına imkan verəcəkdir.
Əsərin ingilis dilinə tərcüməçiləri Qəzənfər Məmmədov və Fialə Abdullayeva, elmi redaktoru professor Əlikram Abdullayev, ingilis dilinə tərcümənin redaktoru professor Səməd Seyidovdur.