RƏSMİ XRONİKA
HEYDƏR ƏLİYEV ZİYALILARIN NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL ETMİŞDİR
Səfərin nəticələri haqqında danışan Eldar Salayev demişdir ki, nümayəndə heyətinin üzvləri respublika Prezidenti ilə görüşərək, onunla iki saat yarım söhbət etmişlər. Ə.Elçibəyin dediyinə görə, onun Bakını tərk edib Naxçıvana getməkdə məqsədi öz təhlükəsizliyini təmin etmək yox, Bakıda qardaş qanı tökülməsinin qarşısını almaq olmuşdur. Əbülfəz Elçibəy söhbət zamanı bildirmişdir ki, o, Bakıya qayıdaraq Heydər Əliyevlə və Surət Hüseynovla görüşüb üçlükdə danışıqlar aparmağa hazırdır. Bu şərtlə ki, şəhərdə Surət Hüseynovun qoşun hissələri olmasın və Milli Məclis Prezidentin təhlükəsizliyini təmin etmək və şəhərdə əmin-amanlıq yaratmaq haqqında qərar qəbul etsin. Prezident onu da qeyd etmişdir ki, Gəncədə baş vermiş qardaş qırğınında onun günahı yoxdur və bu barədə o, heç bir sərəncam verməmişdir.
H.Əliyev nümayəndə heyətinin digər üzvlərini də dinlədikdən sonra qeyd etmişdir ki, respublikaya ümumdövlət nəzarətini bərpa etmək gündən-günə çətinləşir. Mən bu vəzifəyə milli həmrəylik mövqeyi, barışdırıcı mövqe tutaraq gəlmişəm və ötən günlər ərzində həmin məqsədə əməl etməyə çalışmışam. Gəncədə baş vermiş hadisələrin cinayət olduğunu sübut etməyə o qədər də ehtiyac yoxdur, bu cinayətin üstü açılmalı və xalq həqiqəti bilməlidir. Bunu gecikdirmək, ört-basdır etmək özü də cinayətdir.
Görüş iştirakçıları vəziyyətdən çıxış yolu tapmaq üçün müxtəlif fikir və təkliflər söyləyərək belə qərara gəlmişlər ki, Əbülfəz Elçibəyin, Surət Hüseynovun və Heydər Əliyevin – üçlükdə görüşünü təşkil etməkdən ötrü Surət Hüseynovla danışıqlar aparmaq üçün ziyalılar onunla da görüşərək söhbət etsinlər.
SÖHBƏT SƏMƏRƏLİ KEÇMİŞDİR
Dünən Azərbaycan Ali Sovetinin sədri Heydər Əliyev Türkiyə Respublikasının Bakıdakı səfiri Altan Karamanoğlunu onun xahişi ilə qəbul etmişdir.
Respublikadakı mövcud ictimai-siyasi vəziyyətdən söhbət açan parlamentin başçısı bildirmişdir ki, gərginliyi aradan qaldırmaq, vəziyyəti normal məcraya salmaq qarşımızda mühüm problem kimi durur. Vəziyyətdən çıxış yolu tapmaq və barışığa nail olmaq üçün müxtəlif addımlar atırıq. Respublikamızın tanınmış ziyalılarından bir qrupunun Əbülfəz Elçibəylə görüşə getməsini buna misal göstərmək olar. Heydər Əliyev baş vermiş hadisələrlə əlaqədar qonşu və qardaş Türkiyənin narahatlığını müsbət qiymətləndirərək səfiri əmin etmişdir ki, Azərbaycan xalqının müdrikliyi nəticəsində çətinliklər aradan qaldırılacaqdır.
Səfir bildirmişdir ki, Türkiyə Azərbaycanda yaranmış gərgin ictimai-siyasi vəziyyəti böyük narahatlıq hissi ilə izləyir və bu vəziyyətdən sülh yolu ilə çıxmağa hərtərəfli kömək etməyə hazırdır.
Həmin gün parlamentin spikeri ABŞ-ın Azərbaycandakı səfiri Riçard Maylsı qəbul etmişdir. Söhbət zamanı hər iki dövləti maraqlandıran məsələlər ətraflı müzakirə olunmuşdur.
Hər iki qəbulda dövlət müşaviri Vəfa Quluzadə iştirak etmişdir.
Aslan Aslanov
AZƏRTAC-ın müxbiri