İQTİSADİYYAT
“HISTORIA” jurnalında Azərbaycanın neft sənayesinin tarixindən bəhs edən məqalə dərc olunub
Bakı, 19 mart, AZƏRTAC
Polşada geniş oxucu auditoriyasına malik olan “HISTORIA” aylıq jurnalında Yatsek Pejınskinin müəllifi olduğu “Kutnadan olan polşalı Nobel” adlı məqalə dərc edilib. Məqalədə 19-cu əsrin sonu 20-ci əsrin əvvəllərində Azərbaycanda neftçıxarma sahəsində mühüm rol oynamış polşalı Vitold Zqlenitski və Pavel Pototskinin Bakıdakı fəaliyyəti, eyni zamanda ölkəmizin neft sənayesinin tarixi işıqlandırılıb.
Azərbaycanın Polşa Respublikasındakı səfirliyindən AZƏRTAC-a verilən məlumata görə, müəllif məqalədə 19-cu əsrin sonunda Azərbaycanda neft istehsalının 60 tondan 32 min tona qədər artmasına işarə edərək, bu göstəricinin hətta ABŞ-ı da üstələdiyini qeyd edib. O, məhz Azərbaycanda ilk dəfə olaraq açıq dənizdən neft istehsalının başlandığını bildirərək, bunun sayəsində 20-ci əsrdə ölkəmizin dünya neftinin 50 faizinin istehsalçısına çevrildiyini vurğulayıb.
Məqalədə bildirilir ki, V.Zqlenitski ilk dəfə 1896-cı ildə Azərbaycanda Xəzər dənizinin dibindən xam neftin çıxarılması ilə bağlı elmi cəhətdən əsaslandırılmış təkliflə çıxış edib. O, bununla yanaşı Xəzər dənizinin Bakı sahillərindəki potensial neft yataqlarının yerini də müəyyənləşdirib. 1904-cü ildə V.Zqlenitskinin vəfatından sonra onun işini Pavel Pototski davam etdirib. Bu sahədə böyük uğurlar əldə edib.
Məqalədə müasir Azərbaycanın və eləcə də Bakının füsunkar mənzərələri, neft buruqlarını əks etdirən foto-şəkillər də yerləşdirilib.