DÜNYA
“HMD” əfsanəvi “Nokia 3310” mobil telefonunun yeni versiyasını nümayiş etdirib
Bakı, 27 fevral, AZƏRTAC
“HMD Global” şirkəti Barselonada keçirilən “MWC 2017” sərgisinin açılışına həsr olunan mətbuat konfransında “Nokia 6” smartfonunun beynəlxalq versiyasını təqdim edib.
AZƏRTAC “Lenta” resursuna istinadən xəbər verir ki, indiyədək yalnız Çində satılan “Nokia 6” “HMD” şirkətinin “Nokia” brendi ilə təqdim etdiyi ilk smartfondur. Adi versiya ilə yanaşı, sərgidə parlaq qara rəngli korpusla təchiz edilən “Nokia 6 Art” modeli nümayiş olunub.
Qurğu “Android 7.0 Nougat” əməliyyat sisteminin idarəetməsi ilə işləyir. Beynəlxalq miqyasda satışına bu ilin ikinci rübündə başlanılacaq “Nokia 6” smartfonunun qiyməti 229 avro, “Nokia 6 Art” versiyasının isə 299 avro olacaq.
Bundan başqa, “HMD Global” tədbir çərçivəsində əfsanəvi “Nokia 3310” mobil telefonunun yeni versiyasını nümayiş etdirib. Boz, qara, göy, qırmızı və sarı rənglərlə satışa çıxarılacaq telefonun qiyməti 49 avrodur. Satışa çıxarılma müddəti barədə məlumat verilmir.
Qeyd edək ki, 2000-ci ilin sonunda buraxılan “Nokia 3310” modelinin satışı 126 milyonu ötüb. İnternetdə aparatın dünyada ən möhkəm materialdan düzəldilməsinin xarakterizə edilməsi barədə məlumatlar geniş yayılıb. Belə ki, Britaniya KİV-i 17 il əvvəl satın alınan və indiyədək işləyən “Nokia 3310” modelini əldə edərək ictimaiyyətə təqdim edib.