DÜNYA
HOLLANDLAR SAKİT OKEANDA ZİBİLDƏN ADA TİKƏCƏKLƏR
Bakı, 19 aprel (AZƏRTAC). Okeanların və dənizlərin plastikdən hazırlanmış məmulatlarla zibillənməsi Hollandiyada qeyri-adi ideyanın yaranmasına səbəb olmuşdur. Bu Avropa ölkəsinin sakinləri okeandan “qoparılmış” hər qarış torpağın dəyərini başqalarından daha yaxşı bilirlər. Odur ki, onlar Sakit okeanda zibildən Havay adaları ölçüsündə ada tikmək niyyətindədirlər.
Xarici KİV-lərin yaydığı xəbərə görə, Niderlandın “Whim Architecture” şirkətinin işləyib hazırladığı layihəyə əsasən, adanın zibildən tikiləcəyini heç nə xatırlatmayacaqdır. Müəlliflər vurğulayırlar ki, ada gözəl və ürəkaçan kurortlardan birinə çevriləcək, özünü qida məhsulları və enerji ilə təmin edəcəkdir.
Mütəxəssislərin hesablamalarına görə, adanın sahəsi 10 min kvadratmetrə çata bilər. Ada “Konstruktor” adlanan uşaq konstruktorunun yığılma prinsipinə uyğun tikiləcəkdir. Tikinti elementləri xüsusi gəmilərdə hazırlanacaqdır. Xammalı isə okeanda üzən zibilyığan gəmilər gətirəcəklər. Adanın bir hissəsinə torpaq töküləcək, meyvə-tərəvəz əkiləcəkdir. Digər hissələrdə isə çimərliklər və parklar salınacaqdır. Kənd təsərrüfatı üçün gübrə bioloji tullantılardan, enerji isə günəş batareyalarından və dalğalı elektrogeneratorlardan alınacaqdır. Adada ekologiyaya xüsusi diqqət yetiriləcəkdir. Burada velosipedlər üçün yollar salınacaq, ada sakinləri yalnız elektromobillərdə hərəkət edəcəklər.