İQTİSADİYYAT
HONEYWELL şirkətinin nümayəndəsi SOCAR-ın təlim, tədris və sertifikatlaşdırma idarəsində beynəlxalq kurs keçirib
Bakı, 28 fevral, AZƏRTAC
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) təlim, tədris və sertifikatlaşdırma idarəsində avtomatik idarəetmə sistemlərinin müəssisələrdə tətbiq olunması ilə əlaqədar HC-900 tipli kontrollerlə iş üzrə giriş kursu təşkil olunub. Kursun tədrisi HONEYWELL şirkətinin nümayəndəsi tərəfindən həyata keçirilib.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, kursda dinləyicilərə qurğularda texnoloji proseslərin idarə edilməsi, avtomatik tənzimləmə, proqramlaşdırılan məntiqi kontrollerlər, avtomatlaşdırılmış idarəetmə avadanlıqlarının sistemə qoşulması, şəbəkənin qurulması, test olunması, sazlanması, fasiləsiz iş rejiminə nəzarət edilməsi, yaranan nasazlıqların vaxtında aradan qaldırılması, kontroller və giriş-çıxış modullarının əsasında idarəetmə-nəzarət sisteminin qurulma prinsipi, funksional strukturu və proqram təminatı öyrədilib. İmtahandan müvəffəqiyyətlə keçmiş dinləyicilərə sertifikatlar təqdim olunub.