REGİONLAR


Hacıqabul rayonunda mənşəyi məlum olmayan ətlər zərərsizləşdirilib

A+ A

Bakı, 22 sentyabr, AZƏRTAC

Sentyabrın 22-də insan qidası üçün yararsız olan iribuynuzlu heyvan cəmdəkləri baytarlıq mütəxəssislərinin nəzarəti altında Hacıqabul rayonundakı məişət tullantıları poliqonunda KİV və digər aidiyyəti qurumların əməkdaşlarının iştirakı ilə baytarlıq-sanitariya tələblərinə uyğun zərərsizləşdirilərək basdırılıb.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən AZƏRTAC-a bildirilib ki, Xidmətin Hacıqabul Rayon Baytarlıq İdarəsinin baytarlıq mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sentyabrın 20-də keçirilən reyd zamanı Hacıqabul rayonu Navahı kəndi ərazisində yerləşən 720 saylı stasionar “Yol Polisi Postu”nda Göyçay şəhər sakini, 1958-ci il təvəllüdlü Sadıqov Nazim Ağamirzə oğlunun idarə etdiyi “Opel-Astra” markalı 99-EE 367 dövlət nömrə nişanlı minik avtomobili saxlanılıb.

Avtomobilə baxış keçirilən zaman onun arxa oturacağında və yük yerində Göyçay rayonu Müskürlü kənd sakini Elşən Aslan oğlu Fərzəliyevə məxsus çəkisi 350 kiloqram olan, 8 hissəyə bölünmüş, üst-üstə tökülmüş, antisanitar vəziyyətdə daşınan, üfunətli iy verən heyvan cəmdəkləri aşkar edilib.

Araşdırma zamanı ətin mənşəyinə və sağlamlığına dair müşayiətedici sənədləri olmadığı, baytarlıq-sanitariya ekspertizasından keçmədiyi müəyyənləşdirilib. Göyçay rayonu Müskürlü kənd sakini Elşən Aslan oğlu Fərzəliyev heyvan cəmdəklərinin ona məxsus olduğunu və satmaq üçün Bakı şəhərinə aparmaq istədiyini bildirib.

Mənşəyinə və sağlamlığına dair müşayiətedici sənədləri, orqanoleptik göstəriciləri standarta uyğun olmayan, pis qoxulu, insan qidası üçün yararlığı şübhə doğuran heyvan cəmdəklərindən baytarlıq qanunvericiliyinə uyğun nümunələr götürülərək Respublika Baytarlıq Laboratoriyasına göndərilib.

Respublika Baytarlıq Laboratoriyasında aparılan müayinələrin nəticəsinə əsasən iribuynuzlu heyvan cəmdəklərinin bakterioloji çirklənməyə məruz qalması, keyfiyyətsiz olması və baytarlıq-sanitariya tələblərinə cavab verməməsi müəyyən edilib.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, insan sağlamlığı və qida təhlükəsizliyi ilə əlaqədar müvafiq tədbirlər davam etdiriləcək, qanunazidd fəaliyyətlə məşğul olan, baytarlıq-sanitariya qaydalarına riayət etməyən fiziki və hüquqi şəxslər barəsində ciddi inzibati tədbirlər görüləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.