REGİONLAR
Hacıqabul rayonunun Navahı qəsəbəsində yeni su təchizatı sistemləri yaradılıb
Bakı, 17 yanvar, AZƏRTAC
“Azərsu” ASC Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarına uyğun olaraq Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinə və “Azərsu” ASC-yə daxil olmuş müraciətlər əsasında Hacıqabul rayonunun içməli su problemindən əziyyət çəkən Navahı qəsəbəsində yeni su təchizatı sistemləri yaradılıb.
“Azərsu” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, qəsəbəyə içməli suyun verilməsi mərasimində Hacıqabul Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Əslan Səmədov bölgələrdə həyata keçirilən infrastruktur layihələrinin əhəmiyyətindən danışıb, ölkə rəhbərliyinin şəhər və rayon mərkəzləri ilə yanaşı, kəndlərin də içməli su təchizatının yaxşılaşdırılmasını daim diqqətdə saxladığını vurğulayıb.
“Azərsu” ASC-nin “Birləşmiş Sukanal” MMC direktorunun müavini Ramin Sadıqov kənd yaşayış məntəqələrinin içməli suya olan tələbatının ödənilməsi məqsədilə həyata keçirilən layihələr barədə məlumat verib və bu tədbirlərin gələcəkdə də davam etdiriləcəyini diqqətə çatdırıb: “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması barədə tapşırıqlarına uyğun olaraq bölgələrdə genişmiqyaslı işlər həyata keçirilir. Bir neçə il öncə Hacıqabul şəhərində yeni layihə icra edilib, şəhərdə uzun illər mövcud olmuş içməli su problemi həllini tapıb. Növbəti mərhələdə kənd və qəsəbələrin içməli su təchizatının yaxşılaşdırılması nəzərdə tutulub. Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinə və “Azərsu” ASC-yə daxil olmuş müraciətlər əsasında Hacıqabul rayonunun Navahı qəsəbəsində yeni layihənin icrasına başlanılıb və qısa müddətdə tikinti-quraşdırma işləri yekunlaşıb”.
Tədbirdə çıxış edən qəsəbə sakinləri içməli su probleminin həllinə göstərilən dəstəyə görə Prezident İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Hacıqabul rayonunun Navahı qəsəbəsini içməli su ilə təmin etmək üçün mənbə olaraq Kür-Bakı su kəməri seçilib. Bu kəmərdən Navahı qəsəbəsinə müxtəlif diametrli polietilen borularla 2,4 kilometr magistral su xətti çəkilib. Eyni zamanda, qəsəbə daxilində 5 kilometrlik yeni su şəbəkəsi yaradılıb, 300-ə yaxın ünvana birləşmə verilib. Bununla da 2300 nəfər əhalisi olan qəsəbənin içməli su təchizatı yaxşılaşdırılıb.
Hacıqabul rayonunun Navahı qəsəbəsində 1980-ci illərdə su şəbəkəsi yaradılıb, su təchizatı sistemləri uzun illər istismar olunduğundan yararsız vəziyyətə düşüb və qəsəbəni tam əhatə etməyib. Sakinlərin böyük əksəriyyəti içməli suya olan tələbatını fərdi qaydada ödəmək məcburiyyətində qalıb.
Qeyd edək ki, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinə və “Azərsu” ASC-yə bölgələrdən daxil olmuş müraciətlər əsasında 5 rayonda 13 kəndin içməli su təchizatının yaxşılaşdırılması Səhmdar Cəmiyyətin Təxirəsalınmaz Tədbirlər Planına daxil edilib və həmin kəndlərdə layihələrin həyata keçirilməsinə başlanılıb. Xaçmaz rayonunun Qaradağlı, Alıcqışlaq, Çiləgir, Manaf-Oba, Seyidlər, Aşağı Ləgər və Gülalan, Ağsu rayonunun Elabad və Yenilik, Şabran rayonunun Təzəkənd və Dəvəçi, İsmayıllı rayonunun Kürdmaşı kəndlərində həyata keçirilən layihələr çərçivəsində həmin yaşayış məntəqələrində yeni içməli su təchizatı sistemləri yaradılıb. Ümumilikdə 5 rayonun 13 kənd və qəsəbəsində 30 kilometrdən artıq su xətti çəkilib. Bu layihələrdən həmin yaşayış məntəqələrinin 10 mindən çox sakini faydalanıb.